Azərbaycanın ilk milli xəbər agentliyi 103 yaşında
01-mar, 11:31 160 GündəmAzərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyinin yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı və müvafiq qərar qəbul edildi. Lakin müəyyən səbəblərə görə həmin qərar təxminən bir ilə yaxın kağız üzərində qaldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başladı. Bundan iki ay keçmədi ki, Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Agentliyi cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi.
SSRİ dövründə Azərbaycanın milli informasiya agentliyinin adı yeddi dəfə dəyişdirildi və bu, onun keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Bolşevik işğalından sonra Azərbaycanda informasiya işi ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə AzərTAQ adlandırılan bu bölmə 1922-36-cı illərdə üç Zaqafqaziya respublikasının agentlikləri birliyinin tərkibinə daxil oldu və ona ZaqTAQ adı verildi. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, dövrün salnaməsini yazmaqda davam edirdi. Agentliyin arxivindəki fotolar respublikamızın sovet dövründəki həyatı barədə müəyyən təsəvvür yaradır. Həmin fotoşəkillərin bir neçəsinə nəzər salmaq yerinə düşər.
1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın və AZƏRTAC-ın həyatında yeni dövr başladı.
Müasir texniki avadanlıqla təchiz olunan, binası əsaslı təmir edilən agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında “Ukrinform”dan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edildi.
1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan çətin sınaqlarla üzləşdi. Qanlı Yanvarda respublikada heç bir qəzet çıxmadığı, hətta televiziya verilişlərinin dayandırıldığı günlərdə də AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində Bakıda binaların divarlarına yapışdırırdılar.
Fotomüxbirlər isə küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun qanlı cinayətlərini lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-də dərc olundu, 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.
1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC adlanır.
AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), “Sinxua” (Çin), “Anadolu” (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), “Yonhap” (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), “Ukrinform” (Ukrayna) və digər nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində “Associated Press”, “Reuters”, “Press Association”, DPA agentlikləri ilə əməkdaşlıq edir.
Hazırda AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.