Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu
18-iyn, 12:41 15 Gündəm / Dünya
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb.Oxu.Az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
Merin sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan dronlardan birinin qalıqları "Sadovod" ticarət kompleksinin binalarından birinə ziyan vurub:
"Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir".
Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur "Sadovod" ticarət kompleksi "Kiyevskaya ploşad" (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan - Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.
Xatırladaq ki, onların rəhbərlik etdiyi şirkət uzun illərdir ki, ən çox gəlir gətirən daşınmaz əmlakların reytinqində birinciliyi əldən vermir.





