İtkin şəhidlər dəfn olunur

Birinci Qarabağ müharibəsində şəhid olan Cümşüd Məmmədovla vida mərasimi keçirilib.
“Qafqazinfo”nun xəbərinə görə, 34 il itkin şəhid kimi qeydiyyatda olan Laçın rayon sakini Cümşüd Məmmədovun nəşinin qalıqları müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi Ağcabədi rayonunun Taxtakörpü ərazisində salınmış 552 saylı qəsəbədə, onun həyat yoldaşının yaşadığı ünvanda təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və digər şəxslər iştirak ediblər.
Vida mərasimindən sonra Cümşüd Məmmədovun nəşi dəfn olunmaq üçün Laçın şəhərinə yola salınıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb. C.Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində şəhidin nəşinin qalıqları müəyyənləşdirilib. O, Laçın Şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov da bu gün dəfn edilib.
“Report”un məlumatına görə, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, RİH rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Akif Qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü il 26 aprel tarixində Ağdam rayonu, Şotlanlı kəndi ərazisində itkin düşüb.
Ziya Əmirxanlı