Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan "Səyyar Gənclər Xidməti" layihəsi 28 sentyabr-2 oktyabr tarixlərində Salyanda fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edəcək.

Əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində formalaşdırılmış imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma istiqamətində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün daha əlçatan olmasına töhfə verən layihə bu il "Gənclərlə, gənclər üçün" devizi altında təşkil edilir. 

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı olan Salyanda açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış mərasimində Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək layihənin gənclər üçün şəxsi inkişaf və karyera planlamasına yönəlik imkanların genişləndirilməsi, onların ictimai fəallığının artırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Layihə çərçivəsində açıq hava formatında qurulan "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər həftəboyu bu zonalarda təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Bununla yanaşı, layihə çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici sessiyalar, Salyan Peşə Liseyi tərəfindən isə sərgi təşkil ediləcək. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı isə iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparacaqlar. 

Qeyd edək ki, noyabr ayınadək ümumilikdə ölkənin 20 şəhər və rayonunu əhatə edəcək olan layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.