Masallı pəhləvanı dünya ikincisi oldu

Masallı güləş məktəbinin yetirməsi Elgiz Məmmədov veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatını gümüş medalla başa vurub.

Asiya.az xəbər verir ki, Yunanıstanın Lutraki şəhərində veteranlar arasında beş gün (17-22 oktyabr) davam edən güləş üzrə dünya çempionatı başa çatıb.
Ölkəmizi yunan-Roma güləşində təmsil edən güləşçilərdən biri də Elgiz Məmmədov idi (88 kq). O, çempionatın gümüş medalını qazanıb.
Elgiz Məmmədov final mərhələsinəcən üç rəqibini məğlub edib. Rusiyalı Şamil Abulmuslimova (9:0), qazaxıstanlı Bakitjan Nuradinova (tuş) və amerikalı Kayl de Berrinə (10:2) tam üstünlüklə qalib gələn həmyerlimiz həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzub. Beləliklə, 36 yaşlı pəhləvanımız ardıcıl olaraq ikinci dəfə dünya ikincisi olub.

Qeyd edək ki, ötən ilin oktyabrında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında Elgiz Məmmədov 88 kq çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olmuşdu.
Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyilə başlayıb. 
Elgiz Məmmədov hazırda Rusiyanın Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır.