İraqla çoxtərəfli əlaqələr güclənir


Məşhur Məmmədov,
Millət vəkili


İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur.
Keçmiş sovetlər dövründəki çətinliklərə baxmayaraq, Azərbaycan dindarları İraqdakı müqəddəs məkanları ziyarət edirdilər. İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və dəstəkləyib. Ərazilərimizin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu işğal 30 ilədək davam etdi. Erməni işğalçıları Qarabağda yaşayış, tarixi abidələrlə yanaşı, dini abidələrimizi də dağıdıblar. Oradakı məscidlərimizdə donuz saxlamaqla bir növ İslam dininə iman gətirənləri təhqir edirdilər, nədənsə özlərini İslam dövləti hesab edən, amma açıq, gizlin Ermənistana dəstək verən dövlətlər bu barbarlıqları görməzdən gəlirdilər. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsi dövründə biz dünyanın bir çox ölkələrindən dəstək məktubları alırdıq. Çox xoşdur ki, bu ölkələr arasında İraq da var. Biz bunu dini bağlılıq, qardaşlıq baxımından yüksək dəyərləndirik. Bu, bizim işimizin haqq işi olduğunu bir daha təsdiqləyir.
Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər 1992-ci ildən başlayıb.
2 yanvar 1992-ci il tarixində İraqın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından az sonra, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.
1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmış, cənab İlham Əliyevin xarici siyasətdə apardığı uğurlu diplomatik gedişlər əlaqələrin şaxəsini daha da artırmışdır.
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır, 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.
Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri də ölkələrimiz arasında münasibətlərin gələcəkdə yüksələn xətlə inkişafına doğru atılan addım kimi dəyərləndirilə bilər.
Diplomatik əlaqələr tarixi boyunca bu, İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi.
Cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması bu səfərin əhəmiyyətini göstərir. Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.
www.AzadMedia.az