Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
14-iyn, 19:04 122 Gündəm / Təhsil
Bu gün “Son zəng”dir. Amma bu gündə biz adi məktəbə deyil, xüsusi qayğıya ehtiyacı olan uşaqların oxuduğu təhsil ocağına – 3 nömrəli Respublika xüsusi internat məktəbinə yollandıq.
Eşitmə və danışma məhdudiyyətli uşaqların təhsil aldığı məktəbin həyəti bayram ab-havasında idi. Rəngarəng şarlar, şagirdlərin öz əlləri ilə hazırladığı lövhələr bu məkanı duyğularla dolu bir məkana çevirmişdi.

Bu məktəbin həyəti nə şagirdlərin sevinc dolu gülüş səsləri, nə də hay-küyləri ilə dolu idi. Burada sadəcə bu gözəl günlərinin həyəcanını səssizcə yaşayan məzunlar vardı. Burada səmimiyyət danışır, hər hərəkət öz dilini tapırdı. Hər tərəfdə bir duyğu, hər baxışda bir hekayə vardı. Uşaqlar bir-biri ilə adi sözlərlə deyil, əl işarələri və baxışlarla ünsiyyət qururdular.
Məktəbin məzunları üçün təşkil olunan “Son zəng” tədbiri onların həyatında həm kövrək bir vidalaşma, həm də yeni üfüqlərə açılan yolun başlanğıcı idi.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Direktor çıxışında bu günün məzunlar üçün həm sevincli, həm də kədərli olduğunu vurğulayıb, XI sinif şagirdlərini təbrik edib və onlara müstəqil həyat yollarında uğurlar arzulayıb.
Məzunları təbrik edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib ki, hər bir məzunun qazandığı bilik və bacarıqlar gələcəkdə onun cəmiyyətə uğurlu inteqrasiyasına zəmanət verir: “Məzunların əksəriyyətinin peşə və orta ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirməsi sevindirici haldır. Bu, onların gələcəkdə daha yaxşı mövqelərə yiyələnməsinə imkan yaradacaq”.
.jpeg)
Anar Xələfov qeyd edib ki, növbəti illərdə inklüziv təhsilə cəlb edilən məktəblərin sayı artırılacaq və uşaqlar yaşadıqları ərazilərdəki məktəblərdə təhsilə cəlb olunacaqlar: “Son illər bu sahədə aparılan maarifləndirmə işləri nəticəsində valideynlər artıq uşaqlarını gizlətməyə çalışmır, əksinə, onların sosial inteqrasiyası və ümumi xidmətlərdən yararlanması üçün daha çox təşəbbüs göstərirlər”.

Tədbirdə “Fəxri fərman”la təltif olunan müəllimlərdən biri - Məlahət Əhmədova 45 ilini bu məktəbə həsr edib. Bu gün isə o, Məzun Günündə təqaüdçü kimi iştirak edirdi: “Bura mənim ilk iş yerim idi. İşlədikcə onların dilini öyrəndim, defektoloq kurslarına getdim. Burada işləmək məsuliyyətli və çətindir, amma bir o qədər də qürurvericidir. Uşaqlara oxumağı, yazmağı öyrətmək, onların həyatında dəyişiklik yaratmaq bizim ən böyük mükafatımızdır”.
Ananın fədakarlığı – müəllimliyə aparan yol…

“Bu məktəb mənim ailəm oldu”
11 “b” sinfinin məzunu Nərgiz Piriyeva tədbirin ən parlaq simalarından idi. Rəssamlığa böyük marağı olan, eyni zamanda, “Modelyer-dərzi” ixtisası üzrə sertifikat alan Nərgiz artıq iş təklifi də alıb. Ailəsinin bütün üzvləri eşitmə və danışma məhdudiyyətlidir. O, tədbirdə işarə dili tərcüməçisi vasitəsilə öz fikirlərini belə paylaşdı: “Bu məktəb mənim ailəm oldu. Mən burada dost tapdım, xəyallar qurmağı öyrəndim. Gələcəkdə rəssam olmaq istəyirəm”.

11 “f” sinfinin məzunu Ramin Fətullayev məktəbin buraxılış imtahanında ən yüksək nəticəni göstərərək 130 bal toplayıb. O da gələcəkdə dizayner olmaq istəyir. Müəllimləri onun biliyinə, əzminə və nizam-intizamına görə fəxr etdiklərini bildirirlər.
Valideynlərin səmimi təşəkkürü…
Tədbirdə valideynlər də duyğularını gizlədə bilmədilər. Əsra Zeynalovanın anası Nübar Zeynalova deyir ki, bu məktəb qızına özünüifadə etməyə imkan verdi: “Onun burada gördüyü dəstəyi başqa heç bir yerdə görə bilməzdik. Bu “Son zəng” bizim ailəmiz üçün ömürlük bir xatirəyə çevrildi”.

Muallim.edu.az













