Məhkəmə rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərlə bağlı qərarı açıqladı

Ali Məhkəmədə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov, şöbənin baş məsləhətçisi Səbuhi Rzayev və Afiq İbadov barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, barələrində həbs qətimkan tədbiri seçilmiş Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq İbadov isə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.
İttihama görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 2 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb. İstintaq araşdırması zamanı daha bir təqsirləndirilən şəxs Afiq İbadov məsuliyyətə cəlb olunub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri si ilə ittiham elan edilib.