“Geri çəkilmək? Bu heç vaxt mümkün deyil!” - Şahin Sərdarlı

geri-cekilmek-bu-hec-vaxt-mumkun-deyil
Məlum olduğu kimi, artıq bir neçə gündür növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. 88 Saylı Şamaxı Seçki dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun bir başqasının xeyrinə öz namizədliyini geri götürəcəyi ilə bağlı məlumatlar yayılıb.
Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən Ş.Sərdarlı yayılan xəbərin həqiqətə uyğun olmadığını, geri heç bir addım atmayacağını söyləyib: “Əslində, bu tipli xəbərlər namizədliyim qeydə alınanda başlamışdı. Deyirdilər, Şahin Sərdarlı namizədliyini bir başqasının xeyrinə geri götürəcək. Başa düşülən gedişlərdi, seçkilərdə belə şeylər çox olur, anlayışla qarşılayıram. Və düşünürəm ki, məlum prosesin bir hissəsidir, taktiki gedişlərdir.
Ancaq hörmətli dostlar, mənim alverçiliklə, ucuz, dekorativ siyasi tryüklarla işim olmayıb, yoxdur, heç vaxt da olmayacaq! Necə deyərlər, bu mənim məsləyimə müğayirdir. Dövlətə, dövlətçiliyə və xalqa xidmət olan yerdə biz heç vaxt geri addım atmamışıq. Qısamüddətli kampaniya dövründə doğma şamaxılılarımızın etimadını çox ciddi şəkildə qazanmışıq. Çünki mən bura yad deyiləm, birdən-birə peyda olub, birdən yoxa çıxıb, yalnız seçkiylə bağlı Şamaxını xatırlayan biri kimi tanınmamışam”.  
Ş.Sərdarlı, həmçinin yola davam edəcəyini vurğulayıb: “Geridə əziz şamaxılılarımızın etimadı, mənə olan inamı, mənim onlara hüdudsuz sevgim, elimə,  obama bağlığım, millət vəkili kimi görəcəyim işlər dayanır! Bunlar bir sərhəddir! Belə bir sərhədi qorumamaq olarmı, əzizlərim?! Hər şey sizin üçün deyib yola davam edirik! Sizinləyik!”