“Azərbaycan bu BMT qətnamələrinin qəbulunda əsas rol oynadı”

“Qoşulmama Hərəkatına sədrliyi zamanı Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətə təkan verdi və bütün ölkələrin vaksinlərə ədalətli çıxışı ilə bağlı BMT qətnamələrinin qəbulunda əsas rol oynadı. 2023-cü ildə biz həm də pandemiyadan sonrakı bərpa ilə bağlı zirvə toplantısına ev sahibliyi etdik, burada Prezidentimiz Afrika və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərin pandemiyadan sonrakı bərpasına dəstək vermək üçün iki qlobal çağırış elan etdi”. 
“Qafqazinfo” xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir: “Bu bizə ortaq çağırışa cavab vermək üçün dünyanı bir araya gətirməyin və cavabımızın hər bir ölkənin fərdi şəraitini nəzərə almasını təmin etməyin vacibliyini göstərdi”.