Şikayətlərdən sonra 65 taksi daşımalardan kənarlaşdırılıb
07-avq, 12:20 42 CəmiyyətVətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər: “Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”.