Real kadrlardan ibarət “Zəfər işığı” filmi nümayiş olundu - Video
26-noy, 16:00 182 Cəmiyyət“Xəzər TV” “Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzi ilə birlikdə 44 günlük Vətən müharibəsindən sonra az müddətdə işğaldan azad edilən ərazilərin işıqlandırılması ilə bağlı “Zəfər işığı” adlı film hazırlayıb.
““Qarabağa Azərbaycan ordusundan sonra ərazilərə ilk girənlərdən oldular”, “işğaldan azad olunmuş torpaqlarda ən tez vaxtda 9 yarımstansiya tikib qaranlığı yardılar”, “Kəlbəcərdə -25 dərəcə şaxtada işlədilər”, “tonlarla ağırlıqda ankerləri 3400 metr yüksəkliyində zirvələrə daşıyıb 70 km xətt qurdular”, “Şuşaya rekord müddətdə - 73 gün ərzində 75 km məsafədə 110 kilovoltluq ikidövrəli xətt çəkdilər” tezisləri üzərində qurulan film maraqla qarşılanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Azenerji” komandasının ən çətin relyefdə, təhlükəli şəraitdə, sərt iqlimdə yüzlərlə kilometr boyu gördüyü möhtəşəm iş prossesi real kadrlarla Xəzər tv-də işıqlandırılıb.
Qeyd edək ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası “Güləbird” SES, «Suqovuşan-1» və «Suqovuşan-2» KSES-lər yenidən qurulub, 4,4 MVt-lıq «Kəlbəcər-1» KSES-də yenidənqurma işləri tamamlanmaqdadır.
Füzulidəki “Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.
110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “ŞUŞA”, “FÜZULİ”, “KƏLBƏCƏR”, “CƏBRAYIL”, “ZƏNGİLAN”, “QUBADLI”, “AĞDAM-1”, “AĞDAM-2” tikilib və “ŞÜKÜRBƏYLİ” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bütün işlər qrafikdən əvvəl başa çatdırılıb. Beləliklə, işğaldan azad olunan bütün rayon və şəhərlərdə elektroenergetika infrastrukturu yaradılmaqla “Zəfər işığı” yandırılıb.