Ziyəddin Quliyev: Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı

Ziyəddin Quliyev: Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı


"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - 44 günlük Vətən Müharibəsi eyni zamanda, “yenilməz Ermənistan ordusu” mifologiyasını darmadağın etdi. Cənab prezidentimizin dediyi kimi, “biz erməni ordusunu yenilməz ordu kimi təqdim edən mifologiyaya son qoyduq”. II Qarabağ müharibəsi bizim tarixi zəfərimizdir. Buna bənzər qələbə olmamışdır. Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı. Bununla da, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, ordumuz isə qalib ordu olaraq tarixə düşdü.

Vətən Müharibəsi düşmən dövlətdən fərqli olaraq xalq və dövlət birliyinin əyani sübutu idi. Azərbaycan xalqı müharibə başlayan gündən öz prezidentinə, könüllü olaraq müraciət edərək vətənin müdafiəsi üçün Ali Baş Komandanın hər an əmrinə hazır olduqlarını göstərdi. Ali Baş Komandanın hərbi səfərbərlik çağırışına on minlərlə vətəndaşımız çağırış məntəqələrinə axın edərək cavab verdi. Qeyd edim ki, axın edənlərin əksəriyyəti gənclər idi. Çıxışlarının birində bu məsələyə toxunan cənab Prezident qeyd etmişdir ki, “Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Təəssüflər olsun ki, müharibənin ən ağır şərtlərindən biri itkilərimizin, yaralılarımızın olması idi. Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda gözünü qırpmadan döyüşən igidlərimiz canları, qanları bahasına qəhrəmanlıq dastanı yazdılar-şəhid oldular, qazi oldular. İgidlərimizin bu qəhrəmanlıqları bütün dünyanı heyrətə gətirdi. Öz ata-baba torpaqlarını düşmən tapdağından azad etmək üçün haqlı və ədalətli döyüş yolu keçən, canı, qanı bahasına xalqımıza zəfər bəxş edən şəhid və qazilərimizi xalqımız daim xatırlayacaqdır. Bizlər vətən uğrunda canından keçən şəhidlərimizə, öz sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. Şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına bizlərə əmanət etdiyi vətənimizi, dövlətimizi qorumaq üçün hər daim canımızdan keçməyə hazır olmalı, şəhidərimizin bizə əmanət etdiyi yadigarlarına hörmətlə, ehtiramla yanaşmalı, qazilərimizə sevgi və qayğımızı əsirgəməməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz ədaləti bərpa etdik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
 


“CƏBRAYIL” YARIMSTANSİYASININ AÇILIŞI OLUB


Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.
Dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.
“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.
 






TƏRTƏRDƏ "SUQOVUŞAN-1” VƏ “SUQOVUŞAN-2” KİÇİK SU ELEKTRİK STANSİYALARININ YENİDƏNQURMADAN SONRA AÇILIŞI OLUB



Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.
Prezident İlham Əliyev və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası ilə də tanış oldu.
Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.
Dövlətimizin başçısı stansiyaları işə saldı.
Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış oldu.












Hazırladı: Fərid Faiqoğlu 
"Azərbaycan Vətən Müharibəsi Veteranları" İB-nin üzvü
"Qızıl Qələm" mükafatı laueratı