“Bazarlar tarixin ən böyük iqtisadi uçurumu ilə üz-üzədir” - İrandan xəbərdarlıq
11-mar, 08:00 0 Dünya
“Bazarlar tarixin ən böyük boşluğu və iqtisadi uçurumu ilə üz-üzədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi qlobal bazarlardakı vəziyyətlə bağlı paylaşımında qeyd edib.
Nazir ABŞ rəsmilərini bazarları manipulyasiya etməkdə ittiham edib:
“Vaşinqton saxta xəbərlər yaymaqla bazarlara təsir göstərməyə çalışır, lakin bu addımlar ABŞ iqtisadiyyatına təsir edən problemləri aradan qaldırmayacaq.
Belə məlumatların yayılması ABŞ rəhbərliyini Amerika xalqına tətbiq edilən inflyasiya sunamisindən xilas etməyəcək”, - o qeyd edib.
Əraqçi bildirib ki, hazırkı iqtisadi böhran miqyas baxımından bir neçə böyük tarixi hadisənin təsirindən daha ağır ola bilər.
Onun sözlərinə görə, mövcud vəziyyət 1973-cü il Ərəb neft embarqosu, 1979-cu il İran İslam İnqilabı və İraqın Küveytə hücumu (1990) zamanı yaranan iqtisadi sarsıntıların birgə təsirindən daha böyükdür.
Bundan başqa, XİN rəhbəri İranın ABŞ və ya onun qüvvələrinə qarşı qabaqlayıcı hücum planlaşdırdığı barədə iddiaları təkzib edib.
“İranın ABŞ və ya Amerika qüvvələrinə qarşı qabaqlayıcı zərbə endirmək niyyətində olduğu iddiaları açıq-aşkar yalandır.
Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalıların pulu ilə maliyyələşdirilən təhlükəli bir macəraçılığa – “Böyük Səhv Əməliyyatına” haqq qazandırmaqdır”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Abbas Əraqçinin paylaşdığı statistika neft bazarlarının indiyə qədər gördüyü ən böyük dönüş nöqtələrinə işarə edir.
Belə ki, 1973-cü il Ərəb neft embarqosu zamanı neftin qiyməti aylar ərzində sürətlə artıb və qlobal enerji böhranı başlayıb. 1979-cu il İran İslam İnqilabı dövründə qlobal istehsal azalıb və qiymətlər qısa müddətdə ikiqat artıb.
İraqın Küveytə hücumu (1990) isə bazarlarda şok effekti yaradıb və qlobal iqtisadiyyatı tənəzzül riski ilə üz-üzə qoyub.
İran tərəfinin təqdim etdiyi rəqəmlərə görə, Hörmüz boğazındakı mövcud blokadanın həcmi Rusiya-Ukrayna müharibəsi zamanı baş verən itkinin (1.0-3.0 MBP) təxminən on qatına çatıb.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tenqsiri bildirib ki, İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur.
“Şübhəniz varsa, yaxınlaşın və cəhd edin”, - deyə o bildirib.
ABŞ Prezidenti Donald Tramp isə İranın dünya neft ticarəti üçün kritik əhəmiyyətə malik Hörmüz boğazında neft axınına mane olmağa çalışacağı təqdirdə, Vaşinqtonun daha sərt hərbi cavab verəcəyini söyləyib: “Əgər İran Hörmüz boğazında neft axınının qarşısını almaq üçün bir addım atarsa, indiyə qədər gördüyü hər şeydən 20 dəfə daha güclü zərbə alacaq”.






