Azərbaycan dövlətinin xilaskarı və qurucusu
12-dek, 17:06 164 Gündəm / SiyasətBəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Bu, bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan az saylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində, cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-siyasi mühitə, qısa şəkildə, xronoloji ardıcıllıqla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurların hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduqca qürurvericidir.
Məlum olduğu kimi, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq əzəli torpağımız olan Dağlıq Qarabağda kəskin münaqişəli vəziyyət yaranmış, 1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələnmiş, həmin vaxt hakimiyyətdə olan şəxslərin siyasi səriştəsizliyi ucbatından ölkəmiz ictimai-siyasi və sosial-iqtisadi böhranla üzləşmiş, Azərbaycan, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz qeyd olunan hadisələr fonunda, belə bir çətin məqamda Moskvada təhdid və təzyiqlər altında yaşayan, öz həyatını daim Azərbaycana qurban verməyə hazır olan dünya şöhrətli siyasi xadim Heydər Əliyev yenidən öz xalqının yanında olmağa qərar verdi, Moskvada 20 yanvar faciəsi ilə bağlı öz mövqeyini bildirərək Azərbaycana qayıtdı. Tarix bir daha sübut etdi ki, bu qayıdışın əsas səbəbi böyük siyasətçinin öz xalqına olan inamından, onun Azərbaycana bağlılığından irəli gəlirdi.
Azərbaycanda milli demokratik hərəkat genişləndi. Xalqın müstəqillik mübarizəsi geniş vüsət aldı və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi... Azərbaycanın müstəqilliyi bərpa olundu...
Azərbaycanda vətəndaş qarşıdurması separatçılıq meyilləri, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Ulu Öndər xalqın israrlı dəvətini qəbul etdi, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı.
Xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərin olduqca gərəkli siyasətinə əsasən qısa müddətdə beynəlxalq müqavilələr imzalandı ki, bunlar da respublikanın iqtisadi inkişafına güclü təsir göstərdi. Bu inkişaf digər sahələrin də inkişafına şərait yaratdı. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. Qısa müddətdə yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, hərbi vəzifələrə peşəkar zabitlər təyin olundu. Ordunun şəxsi heyətinin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığı da yüksəldildi. Ulu Öndərin sərkərdəliyiylə Horadiz əməliyyatı bu hazırlığı yüksək səviyyədə tamamladı. Bunlar da Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasını təmin etdi. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarıdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi Heydər Əliyevin ön xətdə əsgər və zabitlərə tövsiyələri hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığında nəzərəçarpacaq yüksəliş yaratdı... Ulu Öndər fəxrlə deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu kəlam hər bir azərbaycanlının həyat amalıdır. Bu kəlam tarixin əlli ilinin nəyə istinadən yaşanıldığının göstəricisidir.
Ulu Öndər Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, dünyanın aparıcı dövlətlərinin Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr bağlamasında müqayisəyəgəlməz siyasi düha nümayiş etdirdi...
...Əlli il tarix üçün böyük rəqəm deyil. Görülən işlərin şəbəkəsini, miqyasını, milli-xəlqi dəyərini nəzərə alanda bu rəqəm möhtəşəmləşir. Bu baxımdan Azərbaycanın son əlli illik tarixi olduqca qüdrətli tarixdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiylə bu tarix möhtəşəmliklə davam etdirilir; Azərbaycanın sabahları daha nurlu olacaq!..
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Onları yaddaşımızda vərəqlədikcə ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının hər birimizə örnək olduğunu bütün varlığımızla dərk edir və tam səmimiliklə və ən uca səslə deyirik: Həm də ona görə fəxr edirik ki, xalqımızın İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri var.
Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq--iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.
Natiq Əliyev
General-mayor Sumqayıt Olimpiya İdman Kompleksinin direktor