Prezident İlham Əliyev – Zəfər tarixi yazan Lider və milli həmrəyliyin təminatçısı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir Azərbaycan tarixində qətiyyətli siyasi iradəsi, prinsipial mövqeyi və xalqa söykənən idarəçilik üslubu ilə seçilən qüdrətli dövlət xadimidir. Onun rəhbərliyi dövründə Azərbaycan yalnız müstəqilliyini möhkəmləndirməmiş, eyni zamanda regionun ən güclü, sabit və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsini formalaşdırmışdır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu strategiyanın əsasını güclü dövlət, güclü iqtisadiyyat və rifahlı cəmiyyət prinsipləri təşkil edir. Enerji siyasəti sahəsində həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq nəqliyyat və logistika dəhlizləri Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, ölkəmizi qlobal enerji və nəqliyyat xəritəsində mühüm mövqeyə yüksəltmişdir.

Prezident İlham Əliyevin daxili siyasətində vətəndaş amili xüsusi önəm daşıyır. Əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların inkişafı, məşğulluğun artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Yeni məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, kənd və şəhərlərin abadlaşdırılması Prezidentin sosial məsuliyyətinin bariz nümunəsidir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı isə Prezident İlham Əliyevin həm Ali Baş Komandan, həm də xalqın ağrısını anlayan lider olduğunu bir daha sübut edir.

Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin liderlik zirvəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə yalnız hərbi üstünlüyün deyil, siyasi uzaqgörənliyin, diplomatik mübarizənin və xalq–lider birliyinin nəticəsi idi. İlham Əliyevin qətiyyətli mövqeyi və beynəlxalq tribunalardakı prinsipial çıxışları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı.

Qələbədən sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Prezident İlham Əliyevin gələcəyə hesablanmış strateji baxışının davamıdır. Qarabağ və Şərqi Zəngəzurda salınan yeni yaşayış məntəqələri, yollar, hava limanları, sosial və mədəni obyektlər bu torpaqların sürətlə dirçəldiyini göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın müasir inkişaf modelini əks etdirərək azad olunmuş ərazilərin yenidən qurulmasını keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Prezident İlham Əliyevin siyasətində milli birlik və həmrəylik ideyası mühüm yer tutur. Bu baxımdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xüsusi ictimai-siyasi əhəmiyyətə malikdir. Bu əlamətdar tarix bütün dünyada yaşayan azərbaycanlıları bir ideya ətrafında – müstəqil və güclü Azərbaycan naminə birləşdirir. Prezident İlham Əliyevin diaspor siyasəti nəticəsində xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil fəaliyyət göstərir, milli maraqlarımızın müdafiəsində fəal mövqe tutur və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətən müharibəsi dövründə öz real gücünü göstərdi. Xaricdə yaşayan azərbaycanlıların bir yumruq kimi birləşməsi, ölkəmizin haqq işini müdafiə etməsi milli həmrəyliyin və Prezident İlham Əliyevin apardığı milli ideologiyanın təntənəsi oldu. Bu birlik bu gün də Azərbaycanın gücünü artıran əsas amillərdən biridir.

Prezident İlham Əliyevin balanslı və prinsipial xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarı kimi tanınır. Dövlət başçısının qətiyyəti və uzaqgörənliyi Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli dövlətçilik fəaliyyətində davamlı uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan dövləti daha da güclənsin, dünya azərbaycanlılarının həmrəyliyi daim əbədi və sarsılmaz olsun!


Mehman Qəhrəmanov

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi