Azərbaycanda doqquz mərtəbədən hündür binaların tikintisi dayandırıla bilər
01-mar, 11:15 143 Gündəm“Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, çoxmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində doqquz mərtəbədən hündür binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdikləri üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi, dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”, - deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, Bakının Baş planı təsdiq olunmalıdır:
“Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin də hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim layihədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparılır”.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda çoxmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.