YURDUMUZA BAHAR GƏLİR!

YURDUMUZA BAHAR GƏLİR!
Novruz bayramına tarixi qaynaqlarda ilk dəfə şumerlərlə bağlı qeydlərdə rast gəlinir. Onun tarixi də eradan əvvəl IV minilliyə aiddir. Tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nun dossenti Kərəm Məmmədovun sözlərinə görə, Novruz bayramı keçirmək məqsədi ilə o zamanlar Ziqquratlar adlanan xüsusi məbədlər inşa olunub. İnsanlar Ziqquratların üstünə çıxaraq həm münəccimliklə məşğul olublar, həm də orada Novruz günlərində tonqal qalayıblar: "O ki qaldı bayramın mənşəyinə, bu, təmiz türk mənşəli bayramdır. Baxmayaraq ki, Novruz fars sözüdür. Əslində türk xalqlarında bu, Ulus günü deyə qeyd olunurdu və Ergenekondan çıxışla bağlıdır. Ergenekondan çıxışa gəldikdə isə Novruz atributları orada qeyd olunur.
Bu günümüzə qədər gəlib çıxan "Ergenekondan çıxış" dastanında boz qurdun tövsiyəsi ilə Oğuz Xaqan böyük tonqallar qalatdırır, bununla da türkləri əhatə edən dağlar əriyir və onlar azadlığa çıxırlar".
YURDUMUZA BAHAR GƏLİR!
Bəzən Novruz bayramını müəyyən bir sıra dinlərlə bağlayırlar. Bu bayramda tonqalın üzərindən tullanmaq, şam yandırmaq kimi nüanslar olduğundan onu səhvən atəşpərəstliklə əlaqələndirirlər. İrəli sürülən bu fikir doğru deyildir. Novruz bayramının zərdüştlüklə, eləcə də digər dinlərlə heç bir əlaqəsi yoxdur. Bu bayram bütün dinlərdən qədimdir. Fikrimizi əsaslandırmaq üçün bildirək ki, qədim azərbaycanlıların təsəvvüründə torpaq müqəddəs idi və təbiidir ki, onlar Novruzu torpağın soyuqlardan xilas olması, bolluq, məhsuldarlıq, təbiətin səxavəti bayramı hesab edirdilər.
A.H.Feyzullayev özünün "Maarif carçıları" kitabında qeyd edir ki, təkcə adamların Novruz bayramı günü tonqalın üstündən tullanmaları və bu zaman özlərinin bütün dərdlərini, qayğılarını oda atıb getmələri zərdüştlüyün əsas prinsipləri ilə də bir araya sığmır. "Zərdüştlükdə od müqəddəs sayılırdı, atəşpərəstlər müqəddəs varlıq kimi oda sitayiş edirdilər. Şübhəsiz, odu müqəddəs sayan atəşpərəstlər onun üstündən tullanaraq öz dərdlərini orada qoyub getməzdilər; bu, əslində müqəddəs odu təhqir etmək olardı".
Mifoloji bayramlar, bir qayda olaraq, təbiətlə, onun fəsilləri ilə bağlı olur və onlar da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir. Bununla yanaşı, belə bayramlar kollektiv yaddaşda reallaşaraq, xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa, tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək, əcdadların dövrünü, həyatını xatırlamağa imkan verir. Hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini ənənələrinə görə Novruzla müqayisə etmək mümkün deyildir. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu çoxlu qadağalara və təqiblərə məruz qalsa da, öz təravətini və gözəlliyini indi də saxlamaqdadır. Ancaq tarix də öz işini görmüşdür: bayramın əlamətləri əsasən saxlanılsa da, onun ilkin məzmunu, mənası unudulmuş və ya dəyişikliklərə məruz qalmışdır. Ona görə də bu məqalədə biz ən qədim mənbələr əsasında Novruzun və onun əsas mərasimlərinin ilkin mənalarını bərpa etməyə çalışacağıq. Əlbəttə, əvvəllər də tədqiqatçılar arasında belə cəhdlər çox olmuşdur. Ancaq onların əksəriyyəti əsasən Novruzun bugünkü mərasimlərindən çıxış edərək, onlara öz təxəyyülləri əsasında mənalar verməyə çalışmış və yaxud onu digər xalqlarda odla, baharla bağlı olan çoxsaylı bayramlarla qarışdırmışlar. Ona görə də qədim hadisələrin mənşəyini və mahiyyətini müəyyənləşdirmək üçün gümana yox, ilkin mənbələrə müraciət etmək lazımdır. Belə mənbələr isə birinci növbədə müxtəlif mifoloji qaynaqlar, "Avesta" mətnləri və qədim müəlliflərin Novruz haqqında verdiyi məlumatlardır.
Əziz həmvətənlər bayramınız mübarək!
***
YURDUMUZA BAHAR GƏLİR!
Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək şanlı Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 30 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəli idi.
Ruhun şad olsun Azərbaycan Şəhidi.
Bütün Azərbaycan xalqı sizinlə fəxr edir.
Bir daha baharın gəlişi bütün Azərbaycan xalqını təbrik edirəm.
YURDUMUZA BAHAR GƏLİR!
Pənah Hüseynov
Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, I Cərrahiyyə şöbəsi, həkim-cərrah