Elşad Daşdəmirov:Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir
10-may, 16:13 154 Gündəm / SiyasətAzərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu var.
Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizmadan nəzər salsaq, görərik ki, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası işlənib hazırlandı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Əsas hüquqi təminatları müəyyən edən Konstitusiyanın qəbul olunması hüquqi islahatlar üçün şərait yaratdı. 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Hüquqi islahatlar komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı.
1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Ulu öndər 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına dünya birliyində layiqli yer tutmasına çalışan ulu öndər Heydər Əliyev ölkənin Əsas Qanununa bələdiyyələrin təşkilinin ümumi prinsiplərini təsbit edən ayrıca fəsil əlavə etməklə dövlət idarəetməsinə yeni anlayış gətirdi. Azərbaycan Respublikasında yeni mexanizm olan bələdiyyələrin təşkil olunması və seçkilərin keçirilməsi üçün bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə normativ hüquqi aktlar qəbul olundu.
Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.
Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz Avropa İnsan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.
Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradıldı, hüquq mühafizə fəaliyyəti təkmilləşdirildi, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndi.
Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı cənab İlham Əliyev həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.
Dərin hörmətlə,
Elşad Daşdəmirov
Yeni Azərbaycan Partiyasının fəalı, Azərbaycan Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun vəkili