ELEGİYA

Heyif və əfsus...

Hər kəsin öz karvanı yazımızda sərlövhəni belə seçmişdik. Çox bəyəndiniz, bununla da dostluğumuz başladı. Biz bu ömür karvanının uzunluğundan yazmışdıq... O gün, 3 may 2023-cü il gecə mənə zəng etdiniz, əgər narahat etmirəmsə, Hürü xanım sizinlə danışmaq istəyirəm söylədiniz. Xeyli söhbət etdik, həyat dolu, peşəsinə məhəbbət dolu bir insan idiniz. Yeni-yeni uğurlarınızdan sevinclə, fəxarətlə danışdınız. Söylədiniz ki, 16-20 may aralığında “XIX ULUSAL KOLON VE REKTUN CERRAHİSİ” konqresdə iştirak etmək üçün Türkiyə, Antalyaya yollanacaqsınız. Döndükdən sonra böyük bir layihə - xüsusi buraxılış istədiniz. Söylədim, əlbəttə, Türkan doktor Sizdən yazmayıb, kimdən yazasıyıq? Əməksevərsiniz, zəhmətkeşsiniz, xeyirxahsınız, istedadlısınız, mehribansınız, sevgi dolu peşəkarsınız, can-başla... Sən saydığını say, gör fələk nə sayır?! 5 may 2023-cü il, səhərimiz bu acı həqiqətlə, qara xəbərlə açıldı. Düz deyirlərmiş qara xəbər tez yayılırmış. Türkan Gündüz Hacıyeva, bizim sevimli doktorumuz, dostumuz ömrünün 41-ci baharında bu dünyanı həmişəlik olaraq tərk etdi. Sizə qıyan əllər kəsilsin, əziz doktorumuz, Siz və sizin o qayğıkeş, təcrübəli əlləriniz hələ çox insana şəfa verəcəkdi. Əlvida deməyə dilimiz varmır. Bu gün yoxluğunuza qəhərlənə-qəhərlənə elegiya yazırıq, həyat dolu, pozitiv Türkan doktorumuz! Əlvida! 


Hürü Hacızadə

Yazıçı-publisist


Fərid Faiqoğlu

AJB-nin üzvü