28 May ikinci ildir ki, “Müstəqillik Günü” kimi qeyd olunur
26-may, 02:00 146 Gündəm / SiyasətBu il ikinci dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir.
Milli Məclisin 2021-ci il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra ikinci dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.
105-ci ildir ki, xalqımız tərəfindən təntənəli şəkildə qeyd olunan 28 May - Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün kimi tariximizə düşmüşdür. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı.1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, həmçinin bayrağı, himni və gerbi təsis edildi, ana dili dövlət dili elan edildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, Azərbaycanın ilk universiteti təsis olundu. Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək bərabərsizliyi ortadan qaldırdı. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyətini əyani şəkildə səciyyələndirir.
İlk cümhuriyyətimizin yarandığı dövr tarixin keçməkeşli anına təsadüf edir. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Cümhuriyyətin adının özünə qaytarılması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. İlk demokratik cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.
Bu gün ulu öndər ideyaları onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Cənab Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın birgə gərgin əməyi nəticəsində sürətlə dəyişən çağdaş dünyada bütün beynəlxalq görüşlərdə və aparılan yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeləri uğurla müdafiə edilir.
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günündən 105 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız və ədliyyə işçiləri olaraq hər birimiz qürur və sevinc hissi ilə qarşılayırıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində şanlı qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən- ilə möhkəmləndiyini qüdrətinin dahada artdığını göstərir. Bir daha bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.
Hər birimiz üçün çox sevindirici haldır ki, bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur.
Ədliyyə işçiləri adından bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
Maral Həsənova
Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi