28 May Respublika Günü-Şərəf və qürur tariximiz

28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan  Azərbaycan xalqı  XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir.  Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Azərbaycan Xalq Cumhhuriyyəti  23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı , Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli ordumuz yaradılmışdır. Qısa müddət ərzində  200-dən şox qanun qəbul edilmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Demokratik  hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi təmin edilmişdi.  Azərbaycan dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair mühüm tədbirlərin həyata keçirilməsi böyükəhəmiyyət daşıyırdı.

1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Sonradan Ulu Öndərin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla həmin gün – 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olunub.

Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.

Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Respublika Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən Müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc,qürur hissi yaşadır.Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız bu il 28 May - Respublika Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir.Bu gün biz səhiyyə işçiləri olaraq  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırıq. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadığımız üçün biz səhiyyə işçiləri   Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.  

 Fərəhli haldır ki, 2020-ci il 8 Noyabr Möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız  qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində  Möhtəşəm  Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. Bir daha  bütün bunlar əminliklə söyləməyə əsas verir ki,  müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.


 İradə Dəmirova

Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının

Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri,

Xəstəxana Yeni Azərbaycan Partiyasının sədri