Uğurlu təhsil islahatlarının banisi
03-iyl, 18:22 150 Gündəm / TəhsilTarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir.
O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, 105 illik tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.
Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur.
Bu yaş dövründə təlim uşağın sosial-emosional, kiçik və böyük motor, eləcə də intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir edir. Onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaradır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir.
Cənab Prezident vurğulamışdır: "...həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.
2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev strategiyasına söykənərək möhkəm dayaqlar üzərində qərar tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qərarı bütün sahələrdə olduğu kimi təhsil sahəsində də xüsusi qeyd olunaraq bu tarixi qızıl hərflərlə yazdı. Azərbaycan xalqının qəlbində əbədi abidəyə çevrilərək yaddaşlarımızda sülh, əmin-amanlıq, sabitlik və yeni Azərbaycanın qurucusu-banisi olan Heydər Əliyev duhası əbədi məşəl olaraq həmişə Azərbaycan xalqına nur yolu göstərəcək. Mən də fəxr edirəm ki, Heydər Əliyev dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışaraq bu tarixə şahid oldum.
Leyla Məmmədova
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri