Hikmət Hacıyev “The Washington Post”un köşə yazarına: “Dostunu göstər, kim olduğunu deyim”
12-avq, 11:21 123 Gündəm / SiyasətAzərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”un köşə yazarı Devid İqnatiusun Laçın yolu ilə bağlı dərc etdiyi məqaləsini tənqid edərək onun işğalçılığa haqq qazandırdığını bildirib.
Bu barədə Prezidentin köməkçisi “X” (keçmiş “Twitter”) hesabında yazıb.
“The Washington Post”da Devid İqnatiusun rəyi Azərbaycana qarşı əvvəlcədən yazılmış tipik təbliğat/dezinformasiya xarakterli məqalələr silsiləsindəndir. Dostunu göstər, kim olduğunu deyim! D.İqnatius Ruben Vardanyanın yaxşı dostudur. Sonuncu kriminal oliqarxdır.
Ruben Vardanyan çirkli pulların yuyulması sxemləri ilə ofşor banklara iki milyard dəyərində pul köçürüb. Keçən il Qarabağa paraşütlə tullanan və “The Washington Post”un köşə yazarı İqnatius tərəfindən mədh edilən Ruben Vardanyanın “Avrora” təşəbbüsü çərçivəsində D.İqnatius rahat sığınacaq tapıb.
İqnatius, 2016-cı ildə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərində olduğu kimi, Ermənistanın himayə etdiyi separatçı marionet rejimi yerlərdə bütün faktları yanlış şərh etməklə və işğala haqq qazandırmaqla dəstəkləməkdə və müdafiə etməkdə davam edir.
Siz, 2016-cı ildə Azərbaycanın ovaxtkı işğal olunmuş torpaqlarına səfər etmiş jurnalist kimi, oradakı bütün vandalizmlərə göz yummusunuz/kar-lal münasibət göstərmisiniz. Laçın yolunun funksionallığı ilə bağlı qərəzli yazınız heç kəsi təəccübləndirmir. Amma “The Washington Post”dakı bu cür yazılar mənə sovet dövrünün Siyasi Bürosunun sifarişlərini xatırladır”, - o qeyd edib.