Siyasi partiyalar prezident seçkisinə maraq göstərməklə şəffaflığın təmin olunmasında iştirak edirlər


Siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş prezident seçkisində aktiv iştirak edirlər.
“Seçki-2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçkiyə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.
Əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif statuslarla da seçkiyə qatıldığını aydın görmək mümkündür. Seçkiyə öz namizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da prezident seçkisinə ciddi maraq göstərir, kifayət qədər böyük sayda müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvləri ilə seçkidə şəffaflığın təmin olunmasında yaxından iştirak edirlər. Belə ki, indiyədək 19 siyasi partiyanın, ümumilikdə 30 000-ə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə seçkini müşahidə hüququ qazanıblar və bu proses hazırda intensiv şəkildə davam edir.
Qeyd etmək lazımdır ki, siyasi partiyalar ölkədə keçirilən seçkilərdə xüsusi yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli və geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın göstərir ki, siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə bunda siyasi partiyaların inkişafı, möhkəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün respublikada yaradılmış əlverişli mühit önəmli rol oynayır.