İlham Əliyev Səudiyyə Ərəbistanı kralına təbrik məktubu göndərdi
22-fev, 11:16 97 Gündəm / SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“22 fevral - Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında İslam həmrəyliyi, qardaşlıq, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm veririk. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.
Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi, həm ikitərəfli əsasda, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətimizin bundan sonra da uğurla davam etdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.