Abdulla Şaiqin doğum günüdür
24-fev, 15:22 87 GündəmTanınmış şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin doğum günüdür.
Oxu.Az xatırladır ki, tam adı Abdulla Axund Mustafa oğlu Talıbzadə olan şair Abdulla Şaiq imzası ilə yazdığı uşaq şeirləri ilə daha çox tanınıb.
O, 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləyib. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar. Bu məktəb təkcə dini təhsil ocağı olmayıb. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun olub. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyiblər.
Abdulla Şaiq 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gedib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.
A.Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub. Xalq ədəbiyyatını toplayıb araşdıran A.Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünüb. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb.
Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A.Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə “Əməkdar incəsənət xadimi” adı verilib.
A.Şaiq 1959-cu ildə Bakıda vəfat edib.