Məqsədlərimiz reallaşır
04-mar, 20:29 103 Gündəm / SiyasətMəşhur Məmmədov
Milli Məclisin deputatı
"Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox zəngindir. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir".
Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə bu fikri əbəs səsləndirmədi. Artıq bərpaolunan enerji layihələrinin qarşımıza qoyduğu mühüm yolu qət etməyə başlamışıq. 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
İnsanlar təbiətə çox müdaxilə etdi, nəticədə təbiətdə təhdid yaradan amillər başladı. Qlobal iqlim dəyişikliyi bizdən də yan keçmir. Biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
Belə bir dönəmdə COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Bununla da bərpaolunan enerjiyə ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”
Ölkə rəhbəri Cənub Qaz Dəhlizi ilə bağlı da maraqlı anonslar verdi.
Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən bu nəhəng layihə enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsində rol oynayacaq. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.
Nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həm də geniş beynəlxalq əməkdaşlıq tələb edən layihə Azərbaycanın mənafeyini qoruyacaq. Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstəriləcək və əlverişli şəraitin yaradılması təmin ediləcək.
Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.
Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək.
Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı həmişə enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı iştirakçılar tərəfindən səsləndirilən çıxışlar deməyə imkan verir ki, Azərbaycanı daha perspektivli layihələr gözləyir.
Bunlar gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilib və bu da cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin, kompleks infrastruktur layihələrinin icrasında bacarığının təzahürüdür.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.
Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik. Bu, bizim strateji məqsədlərimizdir.
www.AzadMedia.az