Heydər Əliyev və demokratik dəyərlər

Heydər Əliyev və demokratik dəyərlər
Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir.
Heydər Əliyev

Dünyada ən az saylı xalqlar belə öz dövlətlərinin olmasını arzu edirlər. Xüsusilə həmin ölkənin müstəqil, azad və orada yaşayan xalqın firavan olmasını həyata keçirmək istəyi hər zaman əsas prioritetlərdən olub. Öz ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan xalqların necə çətin və ağır bədəl ödədiklərini tarixin bir çox səhifələrində müşahidə etmək mümkündür. Əsasən bu əzablı yolları ilahi tərəfindən hər hansı bir xalqa bəxşiş olunmuş şəxsiyyətlər həyata keçirir. Belə şəxsiyyətlərdən biri də ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi Heydər Əlirza oğlu Əliyevdir. Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu indiki və gələcək nəsillərə əvəzsiz nümunədir. Azərbaycan xalqının və böyük türk dünyasının fəxri olan Heydər Əliyevin gördüyü misilsiz işlər, söylədiyi dəyərli fikirlər hələ əsrlər boyu insanlar tərəfindən fəxarətlə anılacaq və gələcəkdə də aparılacaq dövlət siyasətində mükəmməl nümunə olacaqdır. Ölkə idarəçiliyinin bütün istiqamətlərinə böyük töhfələr vermiş ulu öndərin addımları Azərbaycanın hələ bundan sonra neçə 100 illiklərdə müstəqil və azad olmasını təmin etmişdir. Heydər Əliyevin idarəçilik bacarığını və böyük siyasi iradəyə malik olmasını dünyanın nüfuzlu siyasətçiləri və dövlət xadimləri dəfələrlə etiraf etmişdirlər.
Demokratik dəyərlərə üstünlük verən Heydər Əliyev azadlığın, haqq və ədalətin bərqərar olunması yolunda yorulmadan, ömrünün son anlarına qədər məqsədli şəkildə irəliləmişdir.Heydər Əliyev və demokratik dəyərlər
Siyasi islahatlarla yanaşı iqtisadi islahatları da həyata keçirən lider 1994-cü ilin sentyabr ayında bir çox ölkələrin aparıcı şirkətləri ilə “Əsrin neft müqaviləsi”ni imzalamışdır. Bir çox maneələrə, təxribatlara baxmayaraq ölkəmizdə siyasi sabitlik təmin edilmişdir.
Heydər Əliyev Azərbaycan qadınının dolğun düşüncə tərzi və mübarizlik hisslərini nəzərə alaraq onları daim yüksək qiymətləndirmişdir. Demək olar ki, dövlətin bütün orqanlarında yüksək vəzifələr tutmuş, hətta aparıcı postlarda da qadınlar vardır. Bu da Heydər Əliyevin ölkəmizin zərif cinsdən olan xanımlara göstərdiyi qayğının bariz nümunəsidir.
Heydər Əliyev və demokratik dəyərlər
Heydər Əliyevin sərkərdəlik qabiliyyəti Azərbaycanın ordu quruculuğunda da böyük rol oynamışdır. Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulması, ölkənin gənclərinin müxtəlif ali hərbi məktəblərə göndərilməsi respublikamızın gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Silahlı Qüvvələrin maddi-texniki təminatının müasir tələblərə uyğun möhkəmləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır.
Sözsüz ki, respublikamızın gələcəyində müstəsna rol alacaq gənclərimiz də Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. 1997-ci ildə fevral ayının 2-i Azərbaycan Gəncləri günü elan edilməsi ümummilli liderin gənclərə olan inamının göstəricisi idi. 1999-cu il martın 2-də keçirilən Gənclərin 2-ci forumunda çıxış edən Heydər Əliyev gənclərə öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün hər cür şəraitin və imkanların yaradılmasının, müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində onların potensialından səmərəli istifadə etməyin vacibliyini bir daha səsləndirmiş və bütün dövlət orqanlarına bununla bağlı göstəriş və tövsiyələrini vermişdir.
Bu gün Azərbaycanın sürətli inkişafı, torpaqlarımızın işğaldan azad olunması məhz Heydər Əliyevin düzgün siyasi kursunun nəticəsidir. Biz bu siyasi məktəbin davamçıları olaraq hər zaman ulu öndərimizi qürurla yad edirik. 101-ci doğum günün mübarək, Böyük İnsan. Ruhun şad olsun!
Heydər Əliyev və demokratik dəyərlər
“VƏTƏN NAMİNƏ İNKİŞAFA DOĞRU” İctimai Birliyinin Sədri Emin Babayev