10 nəfərin ölümü, külli miqdarda borc... - Nazim İbrahimovun qardaşı hansı maddələrlə ittiham olunur?
23-iyl, 14:21 54 GündəmBakının Binəqədi rayonunda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, cari il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda "Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb:
"İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib".
HƏMÇİNİN BAX: Mebel sexindəki partlayışın səbəbi məlum oldu - Şirkət rəhbərləri həbs edildi
Qeyd olunub ki, toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
HƏMÇİNİN BAX: İbrahim Nehrəmli baş verən partlayışdan danışdı: "Tağı İbrahimov yerində bina tikəcəkdi..."