Mehriban Əliyeva yüksək təşkilatçı, bacarıqlı idarəçidir
26-avq, 12:13 98 Gündəm / SiyasətMüasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri var. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırıblar, bütün cəmiyyətdə mehribanlığın bərqərar olmasına ciddi töhfələr veriblər. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir. Mehriban xanımın həyat fəaliyyəti üzərində geniş dayanmağa böyük ehtiyac duyuruq.
Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da saysız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə, sözün həqiqi mənasında, bütün dünya qadınları üçün örnək ola bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.
Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmlisi onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir.
Mehriban Əliyevanın işgüzar həyatı sanki baharda səhərçağı yaz yağışından sonra doğan günəşin şəfəqlərində özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə - müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları görmək olduqca xoşdur.
Mehriban Əliyeva bütün hallarda - xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci timsalında Birinci xanımdır...
Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz vaxtilə məşhur bir müsahibəsində demişdi:”Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir. Mənəviyyat hardadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“ Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi genişəhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.
Bütün bunların mərkəzində əlbəttə ki, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Məhz ona görə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva xoşməramlı missiyası, uğurlu fəaliyyəti ilə xeyirxahlıq mücəssəməsi kimi tanınır.
Sevimli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə kollektivimiz adından ürəkdən təbrik edərək, Onun ünvanına gələn çox saylı xoş və səmimi arzulara qoşuluruq.
İlyas Alxas oğlu Əliyev
AHİK sədrinin birinci müavini