"AZƏRBAYCANDA MƏKTƏBDƏNKƏNAR FƏALİYYƏTLƏR: TƏHSİLALANLARIN İNKİŞAFINA TƏSİR VƏ PERSPEKTİVLƏR"
07-noy, 19:31 38 Gündəmsektor müdiri
Elm və Təhsil Nazirliyi yanında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi,
Məktəbdənkənar fəaliyyətin təşkili sektoru
Məktəbdənkənar fəaliyyətin əsas məqsədi təhsilalanların intellektual səviyyəsinin, yaradıcı qabiliyyətlərinin və gələcək karyera, şəxsi inkişafına təsir edən bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda, bu fəaliyyətlər təhsilalanların fiziki imkanlarını inkişaf etdirməklə onların sosial əlaqələrinin qurulmasına, kommunikasiya bacarıqlarının formalaşmasına, hər bir təhsilalanın fərd olaraq hərtərəfli inkişafına, zərərli vərdişlərdən qorunmasına və idmanla məşğul olmasına şərait yaradır. Məktəbdənkənar fəaliyyət təhsildə kütləviliyin təmin edilməsinə və təhsilalanların sağlam həyat tərzi formalaşdırmasına dəstək verir.
Dünyanın qabaqcıl ölkələrində məktəbdənkənar fəaliyyətlə bağlı aparılmış elmi tədqiqatlar bu fəaliyyətlərin təhsilalanlar üçün müxtəlif üstünlüklər təmin etdiyini göstərir. Beynəlxalq tədqiqatlar və təcrübələr göstərir ki, məktəbdənkənar fəaliyyətlə məşğul olmaq təhsilalanların akademik göstəricilərinə təsir edir. Belə ki, şagirdlərin idman və yaradıcılığın müxtəlif sahələri ilə məşğul olması uşaqların özünü qiymətləndirməsinə, qazandığı biliklərin müxtəlif fəaliyyət sahəsində tətbiq etməsinə, onlarda müsbət emosiyaların dayanıqlı olmasına imkan yaradır. Nəticədə təlim-tərbiyə prosesində təhsilalanların dərslərə marağı artır, uşaqların fəallığı yüksəlir və psixoloji gərginliyi azalır.
OECD (Organisation for Economic Co-operation and Development) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri tərəfindən aparılan araşdırma məktəbdənkənar fəaliyyətlərin təhsilalanların sosial bacarıqları və şəxsiyyət inkişafına təsirini araşdırmışdır. Nəticələr göstərir ki, məktəbdənkənar fəaliyyətlərdə iştirak edən şagirdlər daha yüksək səviyyədə komanda işi və fərdi liderlik bacarıqları nümayiş etdirirlər. OECD tədqiqatına görə, məktəbdənkənar fəaliyyətlərə qatılan təhsilalanların 73%-i komanda işi bacarıqlarında nəzərəçarpacaq dərəcədə irəliləyir, 68%-i isə liderlik bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar onları gələcək əmək bazarında daha rəqabət qabiliyyətli edir və iş mühitində tələb olunan mühüm sosial qabiliyyətlərlə təmin edir. Bu araşdırma, məktəbdənkənar fəaliyyətlərin təhsilalanların yalnız akademik deyil, eyni zamanda sosial və peşəkar hazırlıqlarında da vacib rol oynadığını vurğulayır.
BMBF (Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi) tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar göstərir ki, məktəbdənkənar fəaliyyətlər təhsilalanların elmi marağını artırmaqla yanaşı, onların analitik düşüncə qabiliyyətini və komanda işindəki aktivliyini gücləndirir. Statistik məlumatlara görə, bu fəaliyyətlərdə iştirak edən təhsilalanların 85%-i elmi fənlərə daha böyük maraq göstərir, 78%-i analitik düşüncə qabiliyyətində inkişaf qeyd edir və 82%-i komanda işində daha fəal iştirakçı olur. Bu nəticələr göstərir ki, məktəbdənkənar fəaliyyətlər təhsilalanların həm akademik, həm də sosial bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Afterschool Alliance Study (ABŞ, 2022) adlı tədqiqat göstərir ki, məktəbdənkənar proqramlarda iştirak edən şagirdlərin 79%-i akademik sahədə müsbət nəticələr əldə edir. Ontario Ministry of Education Study (Kanada, 2021) isə Ontario əyalətində fəaliyyətlərin təhsil motivasiyasına və sosial bacarıqlara təsirini analiz edərək, şagirdlərin 87%-nin təhsil motivasiyasında, 82%-nin isə sosial bacarıqlarında artım olduğunu aşkar edib. Education Endowment Foundation Report (Böyük Britaniya, 2020) tədqiqatına əsasən, məktəbdənkənar fəaliyyətlərdə həftədə iki dəfə iştirak edən şagirdlərin akademik göstəricilərində 20%-lik yüksəliş qeydə alınmışdır. Finlandiyada Finnish Institute for Educational Research (2023) tərəfindən aparılan tədqiqatda məktəbdənkənar fəaliyyətlərin təhsil motivasiyası və psixososial rifah üzərində əhəmiyyətli təsir göstərdiyi və iştirakçı təhsilalanların 92%-nin daha yüksək motivasiya və rifah səviyyəsinə malik olduğu qeyd olunub. Japanese Education Policy Study (Yaponiya, 2023) isə idman fəaliyyətlərində iştirak edən şagirdlərin 78%-nin stress səviyyəsində azalma və özünəinamda artım yaşadığını vurğulayır.
Azərbaycanda məktəbdənkənar fəaliyyət hazırda geniş bir sahəni əhatə edir və ölkənin müxtəlif bölgələrində məktəblilərə əlavə təhsil və inkişaf imkanları təqdim edir. Hazırda ölkə üzrə ümumilikdə 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələr idman və yaradıcılıq profilləri üzrə təşkil olunmuşdur. İdman yönümlü 78 müəssisədə 65,384 təhsilalan 29 idman növü üzrə təlim alır. Yaradıcılıq yönümlü 67 müəssisədə isə 10 fərqli istiqamət üzrə dərnəklərə 53,188 təhsilalan cəlb edilmişdir.
Məktəbdənkənar təhsilin inkişafı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strateji prioritetləri arasında mühüm yer tutur, çünki bu sahə, gənc nəslin hərtərəfli və balanslı inkişafına zəmin yaradan fundamental komponentlərdən biridir. Agentlik tərəfindən bu sahənin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir ki, bunlar da məktəbdənkənar təhsilin əlçatanlığını artırmaq, proqramların müasir tələblərə uyğunlaşdırılması və təhsilalanların maraq və qabiliyyətlərinə uyğun diversifikasiya olunmuş fəaliyyət imkanları yaratmağa yönəlmişdir. Həyata keçirilən tədbirlər çərçivəsində rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası, təhsil müəssisələrinin texniki təchizatının gücləndirilməsi və pedaqoji kadrların peşəkar inkişafına xüsusi diqqət yetirilir. Bu yanaşma, məktəbdənkənar təhsilin keyfiyyətinin artırılmasını və gənclərin şəxsiyyət kimi hərtərəfli formalaşmasındakı rolunun daha da gücləndirilməsini təmin edir.
2024-2025-ci tədris ili üzrə pilot məktəbdənkənar təhsil müəssisələrinin yaradıcılıq və idman sahələri üzrə dərnək və qruplara elektron qaydada qəbul həyata keçiriləcəkdir. Layihənin məqsədi məktəbdənkənar fəaliyyətin ictimaiyyət arasında tanıdılmasını, qəbul prosesinin şəffaflığını və effektiv idarəetməsini təmin etməkdir. Bu məqsədlə, məlumatların milli informasiya sistemləri ilə inteqrasiya olunması və xidmətlərin əlçatanlığının artırılması hədəflənir.
Sözügedən dərnək və qruplara qeydiyyat prosesi, "portal.edu.az" veb səhifəsində yerləşən "Məktəbdənkənar təhsil müəssisələrinə uşaq qəbulu" bölməsi vasitəsilə, şəxsi kabinet üzərindən elektron qaydada həyata keçiriləcəkdir. Bu yanaşma, valideynlər və təhsilalanlar üçün təhsil müəssisələrinə fiziki olaraq müraciət etmədən xidmətlərdən yararlanmaq imkanı təmin edir. Qeyd etmək lazımdır ki, noyabr ayından etibarən pilot müəssisələrdə elektron qəbul sisteminin tətbiqinə başlanacaqdır.
Dərnəklərin optimallaşdırılması və tədrisə uyğun faydalı dərnəklərin yaradılması, tədrisin səmərəliliyinin artırılması və sağlam təhsil mühitinin formalaşdırılmasında mühüm rol oynayır. Uşaq-gənclər inkişaf mərkəzlərində tədrisdə yeni məzmun və müasir yanaşma əsas hədəflərimizdəndir. Bu dərnəklərin optimallaşdırılması və yeni dərnəklərin açılması, təhsil müəssisələrinin müasir tələblərə cavab verən strukturda təşkilini təmin edərək, gənc nəslin hərtərəfli inkişafına və təhsil prosesinin səmərəliliyinin artırılmasına töhfə verir.
Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud olan 298 adda dərnək və fəaliyyət sahələrinin hərtərəfli təhlili aparılmış, aktual olmayan dərnəklər tədrisdən çıxarılmış və müasir tələblərə uyğun yeni dərnəklər təsis edilmişdir. Aparılan təhlillərin nəticəsi olaraq 10 əsas istiqamət üzrə ümumiləşdirilmiş 73 adda dərnəyin siyahısı tərtib edilmiş və bu dərnəklərin proqramlarının cari ildə hazırlanması işlərinə başlanmışdır. Bu fəaliyyətlər çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri sənət və dizayn, dekorativ tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, rəqəmsal savadlılıq, turizm və diyarşünaslıq, ekologiya, dünyagörüşü və intellektual inkişaf, fiziki tərbiyə və sağlam həyat tərzi üzrə dərnəklərin tədrisi həyata keçirilir.
İdman profilli məktəbdənkənar təhsil müəssisələrində isə məktəblilər üçün 29 idman növü üzrə tədris təşkil olunur. Uşaq-gənclər idman-şahmat məktəblərində ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi, üzgüçülük, güllə atıcılığı, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, kikboksinq, şahmat və dama kimi idman növləri üzrə məşğələlər aparılır.
Cari ilin aprel ayından etibarən, məktəbdənkənar təhsil müəssisələrində dörd əsas istiqamət üzrə monitorinqlər aparılmışdır: təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, kadrlarla işin təşkili və maddi-texniki baza və maliyyə-təsərrüfat sənədlərinin vəziyyəti. Bu monitorinqlərin məqsədi, müəssisələrdə idarəetmədə effektivliyin artırılması, proseslərin təkmilləşdirilməsi, kadr siyasətinin vəziyyətinin qiymətləndirilməsi, qrup və dərnəklərdə təhsilalanların davamiyyətinin yoxlanılması olmuşdur.
Monitorinqlərin aparılması, maliyyə səmərəliliyinin artırılmasına, dərnək və qruplarda nəzarətin gücləndirilməsinə, sənədlərin düzgün tərtib olunmasına və nəticə etibarilə, tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Keçən tədris ilinin sonuna kimi aparılan monitorinqlər nəticəsində 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-si yoxlanılmış və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70%-də yoxlamalar aparılmışdır. İlkin monitorinq nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanmış, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilmiş və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Konkret olaraq, 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və 5 müəssisə rəhbəri işdən azad edilmişdir.
Monitorinq nəticələrinin təhlili əsasında nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə, cari tədris ilində də monitorinq prosesinin davam etdirilməsi və bu sahədə nəzarət tədbirlərinin artırılması planlaşdırılmışdır. Bu addımlar, məktəbdənkənar təhsil sahəsində idarəetmə keyfiyyətinin və tədrisin səmərəliliyinin artırılmasına xidmət edir.
Məktəbdənkənar təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə rəhbər və pedaqoji işçilərin işə qəbul qaydalarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu çərçivədə, "Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları" üzrə vahid sistemin qurulması üçün qaydalar hazırlanmış və tətbiqi planlaşdırılır. Eyni zamanda, pedaqoji işçilərin işə qəbulu üçün qaydaların hazırlanması məqsədilə işçi qrupu təşkil edilmişdir və cari tədris ilindən etibarən müvafiq qaydalara əsasən işə qəbul proseslərinin icrası nəzərdə tutulur.
Bundan əlavə, məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı normativ sənədlər və qanunvericilik aktları təhlil olunmuşdur. Ümumtəhsil müəssisələrində tətbiq olunan diaqnostik qiymətləndirmə təcrübəsi əsasında, məktəbdənkənar təhsil müəssisələri üçün uyğunlaşdırılmış çərçivə sənədi hazırlanmışdır. Bu yanaşma, pedaqoji kadrların təlim ehtiyaclarının müəyyən edilməsi və peşəkar səviyyələrinin yüksəldilməsi üçün imkan yaradır.
Cari tədris ilindən başlayaraq, məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının təyin olunması məqsədilə idman növləri üzrə pilot diaqnostik qiymətləndirmə həyata keçiriləcəkdir. Bu tədbirlər, məktəbdənkənar təhsildə idarəetmə və tədris keyfiyyətinin artırılmasına, kadr potensialının gücləndirilməsinə xidmət edir.
Məktəbdənkənar təhsil müəssisələrində təchizatın yaxşılaşdırılması istiqamətində tədbirlərin icrasına başlanmışdır. Bu çərçivədə məktəbdənkənar təhsil müəssisələrində rəqəmsallaşma prosesinin gücləndirilməsi və idarəetmə proseslərinin modernləşdirilməsi məqsədilə inzibati heyətə 595 ədəd kompüterin paylanması həyata keçirilmişdir. Bu addım, məktəbdənkənar təhsildə elektron idarəetmə, məlumat axınının səmərəli idarə olunması və tədris proseslərinin rəqəmsal mühitə inteqrasiya olunması istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir.
Kompüterlərin təchizatı, təhsil müəssisələrində sənədləşmə işlərinin rəqəmsallaşdırılmasını, dərnəklər və qruplarla bağlı məlumatların mərkəzləşdirilmiş sistemdə saxlanılmasını və elektron resursların geniş istifadə edilməsini təmin etməklə yanaşı, həm də təhsil müəssisələrində rəqəmsal savadlılığın artırılmasına dəstək verir. Beləliklə, kompüterlərin paylanması, məktəbdənkənar təhsil müəssisələrinin idarəetmə və təlim proseslərinin daha müasir və səmərəli şəkildə aparılmasına şərait yaradır.
Məktəbdənkənar fəaliyyətlər çərçivəsində təhsil müəssisələrində təhsilalanların ekoloji maarifləndirmə və vətənpərvərlik ruhunda tərbiyəsi üzrə təşəbbüslər: təhsil müəssisələrində məktəblilərin estetik zövqünün yüksəldilməsi, dünyagörüşlərinin artırılması, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkara çıxarılması, sağlam həyat tərzinin və vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə tədbirlər təşkil edilir. Bu tədbirlər gənc nəsilin milli-mənəvi dəyərlərin qorunması və təbliği, ekologiya və sağlam həyat tərzinin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu istqamətdə “Əlaçı” və “Breyn rinq” üzrə intellektual oyunlar, “Şahin” hərbi-idman oyunları, "Zəfər" respublika uşaq yaradıcılıq müsabiqə-festivalı, İçərişəhər və Heydər Əliyev Mərkəzinə ekskursiyalar, 15 idman növləri üzrə 21 respublika birincilikləri keçirilmişdir. Statistik nəticələrinə əsasən cari ildə idman istiqaməti üzrə keçirilən tədbirlərə 1.014.000-ə yaxın məktəbli, yaradıcılıq istiqaməti üzrə isə 66.500-ə yaxın şagird cəb olunmuşdur.
Bildiyiniz kimi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və “COP29” ilə əlaqədar təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində sözügedən layihə və tədbirlərin təşkili ətraf mühitin sağlamlaşdırılması, gənc nəslin ekoloji maarifləndirilməsi, istedadlı məktəblilərin üzə çıxarılması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Bu istiqamətdə məktəblilərin iştirakı ilə müxtəlif regionlarda “YaşılHəmrəyFest” festivalı keçirilmişdir. Festival iştirakçıları 4 nominasiya - su, iqlim, enerji, ekoloji təmiz qida üzrə hazırladıqları startap və innovasiya, dayanıqlı texnologiyalar üzrə layihələri nümayiş etdirmişlər. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə “Yaşıl məktəb bağı” adlı ağacəkmə aksiyası keçirilmiş, panel müzakirələri və master-klasslar təşkil edilmişdir. COP29 çərçivəsində Bakı İqlim Fəaliyyəti Həftəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə Bakıda ilk dəfə keçirilən İqlim Dəyişmələri ilə Mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Konfransında “Planeti bərpa edən insanlar: Azərbaycandan hekayələr” panel sessiyasında iştirak edib bu istiqamətdə fəaliyyətlərlə bağlı məlumat təqdim olunmuşdur. Cari ilin oktyabr ayında respublikanın ümumtəhsil məktəblərində “Məktəblərdə ekologiya ayı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, seminar və müsabiqələr keçirilir, məktəblərdə ekoloji guşələr yaradılır, bədii və sənədli filmlər nümayiş olunur. Həmçinin ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsi təşkil olunur.
Nəticə olaraq deyə bilərəm ki, bu sahədə ardıcıl olaraq aparılan islahatlar təhsilalanların sosial bacarıqlarının inkişafı və əmək bazarına rəqabət qabiliyyətli gənclərin hazırlanması üçün geniş imkanlar açır.
Bakı, 2024