Şanlı Qələbəmiz Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi
05-noy, 17:40 240 Gündəm2020-ci ilin 27 sentyabr günü Azərbaycanın tarix salnaməsinə zəfərə uzanan yol kimi həkk olundu. O gün Ermənistan növbəti dəfə təxribata əl atmışdı. Bütün cəbhə boyü ağır artilleriyadan istifadə edərək hücuma keçmişdi və birbaşa mülki əhalini hədəfə almışdı. Odur ki, müharibə artıq qaçılmaz idi. “Dağlıq Qarabağ ordusu” adı altında Ermənistan silahlı qüvvələri vuruşurdu. Lakin yenilməz Azərbaycan əsgərinin qarşısında işğalçı ordu tab gətirə bilməzdi. Qorxuya, təşvişə düşən erməni əsgərləri böyük itkilər verərək silahlarını atıb qaçdılar. Azərbaycan tərəfindən isə bir nəfər belə fərari olmadı. Əksinə, yaralı əsgərlər tezliklə sağalıb cəbhəyə-vətəni qorumağa can atırdılar. Füzuli istiqamətində ermənilər beş-altı müdafiə xətti qurmuşdular. Qəhrəman Azərbaycan əsgəri Vətən sevgisi ilə, öz canları bahasına o xəttləri yararaq irəliləyirdilər. Düşmənin bağrını yararaq dədə-baba torpaqlarımıza sahib çıxırdılar. 44 günlük Vətən müharibəsi ərzində 300-ə yaxın şəhər və kənd erməni işğalçılarından azad olundu. Bu gün müqəddəs, üçrəngli bayrağımız azad olunmuş torpaqlarımızda dalğalanır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına bütün Azərbaycan xalqı ayağa qalxdı. Hamı bir amal uğrunda-haqq uğrunda dəmir yumruq ətrafında sıx birləşdi. Xalqımız 44 günlük Vətən müharibəsində möhkəm birlik , qətiyyət və iradə nümayiş etdirdi. Minlərlə gənc vətənin bütövlüyü uğrunda yağı düşmənlə savaşa girdi. Namərd düşməni əzəli-əbədi yurd yerlərimizdən qovub çıxartdı. Üçrəngli bayrağımızı öpərək cəbhəyə yollanan minlərlə igid, qəhrəman vətən övladı canından artıq sevdiyi vətən torpağına sinəsini sipər edərək, bayrağa bükülü qayıdıb torpağa tapşırıldı.
Yüksək təlim görmüş, nizami ordumuz bir addım belə geri atmadan biri-birinin ardınca kənd və qəsəbələrimizi, şəhər və rayonlarımızı işğalçılardan təmizlədi. Müqəddəs bayrağımızı azad olunan torpaqlarımıza sancdılar.
Vətən müharibəsi! 27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Bu, o salnamədir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyuldu. O, 44 gün ki, Vətən müharibəsi başlayandan həmin günlər ərzində bütün dünya Azərbaycan dövlətinin qüdrətinin, gücünün şahidi oldu. Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə isə şanlı zəfərlərlə dolu günlər yazdı.
2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. 44 günlük Vətən müharibəsində Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə xalqımızın 30 illik yurd həsrətinə son qoyduq.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbənin ildönümünü - Zəfər bayramını böyük sevinclə və böyük ümidlərlə qeyd edir. Azərbaycan gələcəyə daha böyük inamla baxır, öz yoluna əmin addımlarla, qətiyyətlə davam edir.
Bəli, 27 sentyabrda başlanan yol bizi Qələbəyə, Şanlı Zəfərə apardı. Şəhidlərimizin qanı-qisası alındı. Torpaqlarımız geri qaytarıldı. Canını vətən yolunda fəda edən şəhidlərimizin bu gün ruhları şaddır.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Qırx dörd günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşında əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalçılarından torpaqlarımızı azad edib, Azərbaycanımızı qalib dövlətə çevirdi. Öz həqiqi sahiblərini gözləyən Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcəkdir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.
Bəli, otuz ilə yaxın müddətdə həsrətindən ürəyimizin göynədiyi o müqəddəs torpaqların işğaldan azad olunması bizim üçün çox böyük xoşbəxtlikdir. Yurd yerlərimizə yeni həyat qayıdır. Biz qayıdırıq. Həm də başımızı çinar kimi uca tutub vüqarla qayıdırıq. Xan çinarın vətəni sayılan Zəngilana artıq ilk sakinlərin köçü baş¬lanır. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutdu. Ağalı kəndinə əhalinin köçürülməsi "Böyük Qayıdış"ın ilk qədəmləridir. Yeni Ağalı kəndinə birinci mərhələdə hər biri 10 ailə olmaqla ümumilikdə 41 ailə köçürüləcək. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər) köçürülməsi planlaşdırılır. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də doğma yurdlarına yola düşüblər. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürülüb. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı və ordumuzun bu təxribata layiqli cavabı xalq olaraq bizi daha da qürurlandırdı.
50 igid Vətən oğlunun şücaət göstərərək şəhidlik mərtəbəsinə yüksəlməsi hadisəsi bizi yandırsa da, onların qəhrəmanlığı, örnək vətənpərvərliyi ilə fəxr edirik. Vətənin ağır günlərində onun müdafiəsində ayıq-sayıq dayanan hərbiçilərimiz, əsgər və zabitlərimiz germək bir örnək ünvanıdır. Ermənistanın törətdiyi sərhəd təxribatı zamanı silaha sarılan əsgər və zabitlərimiz düşmənə sözün həqiqi mənasında həddini göstərdi.
Ermənistanın 12-13 sentyabr tarixli təcavüzü zamanı ərazilərimizin müdafiəsində möhkəm dayan, düşmənə qarşı qəhrəmanlıqla döyüşən Ordumuzun misilsiz şucaəti gənclərə böyük bir vətənpərvərlik örnəyidir və gənclərimiz onlardan qəhrəmanlıq dərsləri alırlar.
Ermənistan dövləti əvvəlki dövrdə olduğu kimi bu dəfə də Azərbaycanın əks-hücumu zamanı ağır itkilərlə üzləşdi. Bütün bunlar bir gecədə baş verdi və düşmən ağır zərbə alaraq beli qırılmış ilan kimi, sürünə-sürünə öz yuvasına çəkildi. Qəhrəman, şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə onlara növbəti dərs verdi. 12-13 sentyabr şəhidlərinin hər birinin qəhrəmanlığı gənc nəsilə bir vətənpərvərlik dərsidir.
27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı Vətən müharibəsinin də məramı 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu haqq savaşında xalqımız "Dəmir yumruq" kimi birləşməyi bacardı və bütün dünyaya gücünü nümayiş etdirə bildi. 44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızla qürur duyuruq.
Bu gün Ədliyyə işçisi olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq. Qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duyuruq. Bütün ədliyyə işçilərini zəfər bayramı münasibətilə təbrik edirəm.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi