8 noyabr-tariximizin zəfər salnaməsidir
05-noy, 17:40 205 Gündəm / Cəmiyyət30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.
Müharibədə diqqət çəkən və kuliminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qaraba¬ğın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
8 Noyabr Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifəsini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.
8 noyabr Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
9 Noyabr - Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident İlham Əliyev "Twitter” hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Həmçinin, Vətən Müharibəsindəki böyük qələbəmizi 2020-ci il dekabrın 10-da Qələbə Paradı keçirildi. Qələbə bayrağımızı parada gətirilməklə qailb ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik.
Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Şuşanın işğalı milli varlığımıza vurulan sağalmaz, daim inləyən yara idi. Biz bu yaranı sağaltdıq. 8 noyabrı tariximizə qızıl hərflərlə yazdıq. Ali Baş Komandanımız, Müzəffər Ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı, acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək. Ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu. Şuşanın azad edilməsi Ermənistan cəmiyyətində və ordusunda böyük gərginliyə və xaosa səbəb olub. Çünki alınmaz qala hesab olunan Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq. Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi.
Düşmən özü də Azərbaycan ordusunun bu qədər tezliklə Şuşaya çatacağını düşünmədiyini etiraf edir. Lakin Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşadı həmin gün. Çünki o üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir.
Ali Baş Komandan Müzəffər Ordumuzun Vətən müharibəsində qələbə qazandığımızı, düşməni məğlubiyyətə uğratdığını bəyan etdi. Yenə də bayram bayrama qarışdı. Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
44 günlük qəhrəmanlıq savaşımız ədliyyə işçisi olaraq tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
B gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ədliyyə içisi kimi bütün həmkarlarımı, xalqımızı 8 noyabr-Zəfər Günü münasibətilə təbrik edirəm. Yaşasın Azərbaycan!
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi