Böyük Qələbənin memarı


Dövlət başçımızla şanlı ordumuzun və xalqımızın sarsılmaz birliyi və qardaş Türkiyənin mənəvi dəstəyi nəticəsində uzun zamandır dondurulmuş Qarabağ uğrunda münaqişə ötən il Azərbaycanın böyük qələbəsi ilə sona çatdırıldı. Bu ildən etibarən milli qürurumuzun təntənəsinə çevrilən, eyni zamanda dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edən misilsiz zəfərin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixə qızıl hərflərlə həkk olunan böyük qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə imzaladığı sərəncamla noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Düşmənin ötən il iyulun 12-də Tovuz istiqamətində həyata keçirdiyi təxribatına və sentyabrın 27-də bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə almasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq müqəddəs amal uğrunda savaşa qalxdı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi birləşdi, igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə üz tutdu. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi.  
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının qəlbində özəl yeri olan, Qarabağın ürəyi, baş tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.
Rəşadətli ordumuz əsl qəhrəmanlıq, mərdlik göstərərək düşmənin milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın etdi, tətbiq olunan savaş strategiyası müasir hərb tarixinə örnək oldu. Azərbaycanın dəfələrlə rəsmi şəkildə xəbərdarlığına məhəl qoymayan, körpə, ahıl demədən qanlı cinayətlər, terror aktları törədən Ermənistanın işğal altında saxladığı torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və sağlamlığı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Bu Şanlı Zəfərlə böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqımız həm də haqq sözünü deyərək Azərbaycanın əzəmətli dövlət olduğunu bir daha sübut elədi. Ölkəmiz qardaş Türkiyə ilə insanlıq adına işlənən cinayətlərə qarşı birgə mövqe nümayiş etdirdi. Göründüyü kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər idi. 10 noyabrda düşmən üzərində tarixi zəfər çalan xalqımız daha bir şanlı qəhrəmanlıq salnaməsi yazdı. Müzəffər Azərbaycan Ordusu qısa müddət ərzində hərbi yolla 28 il düşmən tapdağında olan vətən torpaqlarını işğaldan azad etdi. Xüsusilə də, ordumuzun peşəkarlığı, hərbçilərimizin cəsarəti, qəhrəmanlığı sayəsində Şuşa qalasının azad edilməsi dünya hərb tarixində dərin iz qoydu. Bu əzəmətli qələbə ilə nəticələnən hərbi taktika hazırda mütəxəssislər tərəfindən tədqiqat obyektinə çevrilib.
Müharibə başa çatdıqdan sonra ilk zamanlar işğaldan azad edilmiş torpaqlarımızın mənzərəsinə baxdıqca heyrətlənməmək qeyri-mümkün idi. Qarabağın coğrafi ərazisi, etnik tərkibi, iqtisadiyyatı, sosial-mədəni dəyərləri, tarixi-mədəniyyət abidələri, flora və faunası məhv edilmiş, bölgə bütövlükdə bir məzarlığa çevrilmişdi. Bütün dünya yerli, eləcə də müxtəlif ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinin, xüsusilə də qardaş Türkiyə mediasının yayımladığı kadrlardan erməni xislətinin, vandalizminin, vəhşiliyinin şahidi oldu. Dünya ictimaiyyəti bir zamanlar qaynar həyatın hökm sürdüyü əzəli torpaqlarımızda qurulub-yaradılan şəhər, kənd və qəsəbələrimizdən əsər-əlamət qalmadığını real faktlarla izləyə bildi. Prezident İlham Əliyevin xarici televiziya kanalları və informasiya agentliklərinə verdiyi hər bir müsahibə informasiya meydanında aparılan hücumlara qarşı hikmətli cavab zərbəsi idi. Həmin müsahibələrdə Azərbaycan torpaqlarında separatçı rejimin dinc əhaliyə qarşı törətdiyi amansız terrorların tarixən erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə ifadəsi olduğu qeyd olunurdu. Ölkə rəhbəri həm cəbhədə gedən döyüşlərə, həm də informasiya müharibəsinə uğurla rəhbərlik edir, illərlə davam edən erməni lobbisinin uydurmalarını arqument kimi səsləndirməyə cəhd edən bir sıra media mənsublarına tarixi faktlarla tutarlı cavablar verdi.
Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması dövlət siyasətinin prioritetlərindəndir. Hazırda bu istiqamətdə sürətlə aparılan genişmiqyaslı layihələr buraya səfər edən müxtəlif ölkələrin rəsmilərini heyrətə gətirir. Respublika Prezidenti tərəfindən mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir. Əzəli torpaqlarımızda bütün fəaliyyət sahələrinin inkişafı istiqamətində müasir dövrün tələblərinə cavab verən əməli tədbirlər həyata keçirilir. Qısa zamanda modern aeroportlar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər inşa olunub, doğma torpaqlarımıza rahat gediş-gəlişin təmin olunması məqsədilə nəqliyyat infrastrukturu bərpa olunur. Yerlə-yeksan edilən ərazilərimizdə quruculuq işləri aparılır, tarixi binalar və abidələr bərpa edilərək istifadəyə verilir, yeni ya­şayış kompleksi, çoxsaylı bərpa və tikinti layihələri icra olunur. İllərdi işğal altında olan ərazilərimiz haqqında tarix kitablarından məlumat alan yeniyetmə və gənclərimizin ən müasir texnologiyaların tətbiqi ilə bərpa olunan bu yerlərə qovuşmasına çox az qalıb.     
Qarabağ Azərbaycanın zəngin təbii, tarixi-mədəni və sosial-iqtisadi ehtiyatlarına malik olan regionlarından biridir. Təmiz dağ havası, unikal landşaftları, müalicəvi əhəmiyyət kəsb edən mineral suları, bulaqları ilə yanaşı tarixi abidələri də turizmin inkişafında əhəmiyyətli rol oynayır. Bu səbəbdən digər sahələrlə yanaşı turizm sektorunun bərpası və inkişafı da əsas hədəflərdəndir. Hazırda regionun turizm mərkəzinə çevrilməsi üçün alimlərimiz tərəfindən real vəziyyət qiymətləndirilərək tədqiq olunur. Qeyd etdiyimiz kimi, Qarabağ yeni inkişaf mərhələsinə qədəm qoyur, doğma yurdumuzu dirçəltmək üçün böyük potensial imkanlardan səmərəli istifadə etmək isə gələcək perspektivlərə zəmin yaradacaq.
8-10 noyabr 2020-ci il - bu tarix hər bir azərbaycanlının Qarabağa qovuşduğu sözlə ifadə edilə bilməyəcək hissləri ilə yadda qaldı. Qələbə sevincini yaşadığımız tarixi gün hər kəs küçələrə axışıb sevinc göz yaşları ilə bayram ovqatı yaşadı. Birinci Qarabağ savaşında kədərdən boğulan bizlər ötən il möhtəşəm hadisəyə şahidlik etmək səadətini yaşadıq. Bu Böyük Qələbə ilə 28 il qaçqın, köçkün olaraq yaşayanların həsrətinə son qoyuldu. Dövlət başçısının xalqa müraciəti zamanı vurğuladığı sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaratdı. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, haqq-ədalət, Azərbaycanın milli qürur məsələsidir. Bu  tarixi zəfərlə Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldıq. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavab oldu. Həmin dövrdə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Şanlı Zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Qəlbimizdə əbədi məskən salan Şəhid Analarının qarşısında ehtiramla baş əyərək bir daha - "Zəfər Günün mübarəkdir Azərbaycan xalqı, bütün türk dünyası!" - deyirik.  Əminliklə deyə bilərik ki, Vətən uğrunda 44 günlük savaşımız, Azərbaycan tarixinin Qəhrəmanlıq, Zəfər salnaməsi, şanlı qürur mənbəyimiz olaraq qalacaq!


Rəsulov Ağahəsən Rəsul oğlu

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi

 






Hazırladı:
Natiq Zabitoğlu
"Ədalət və Qanun" qəzetinin baş redaktoru