“Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır”
21-noy, 13:44 188 Gündəm / Siyasət / CəmiyyətGəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev: “Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır”, partiyanın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətinə əsaslanır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan YAP bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün milyona yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.Qeyd olundu ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri olduğu nəzərə alınaraq YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Partiyanın 30 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan YAP qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırır. Partiya populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.
30 il keçmişə və gələcəyə baxışdır. Ötən dövrdə Azərbaycan düzgün qurulan siyasətin sayəsində inkişaf, tərəqqi yolunda inamla irəliləyərək, bu gün beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkana, eyni zamanda iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır durum aydın şəkildə görünür. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan öz müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyinin ifadəsi olan 91 nəfər ziyalının Heydər Əliyevə ünvanladığı müraciətdə o illərin sosial-iqtisadi, siyasi durumu ətraflı şəkildə qeyd edilir. Müraciətdə deyilirdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda Ümummilli Lider Heydər Əliyev YAP-ın yaradılmasının obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Bildirildi ki, obyektiv səbəblərdən partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir. 1993-cü ilin fevralında yarandığını önə çəkərək, ötən bu dövrdə böyük inkişaf yolunu keçdiyini diqqətə çatdırdı. YAP sıralarında birləşən üzvlərin 30 faizini gənclərin təşkil etməsi mühüm hadisədir. Azərbaycan gəncləri partiyada təmsil olunmaqla öz potensiallarından səmərəli istifadə edir, bütün qüvvə və bacarıqlarını Azərbaycanın uğurlu gələcəyinə yönəldirlər.
Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi üçün hər birimiz səylə çalışmalı, həmrəy olmalıyıq. Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Ulu Öndər Heydər Əliyevdən və onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. 90-cı illərin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, xaos və anarxiyanın aradan qaldırılması xalqımızın istək və arzuları idi. Heydər Əliyev hakimiyyətə qayıdaraq bunları həyata keçirdi. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, ictimai asayişin qorunması və azad iqtisadiyyat formalaşdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sonrakı dövrlərdə digər məsələlər-Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması və s. addımlar atıldı. Bu kimi addımlar Yeni Azərbaycan Partiyasının 30 ildə yaşadığı ayrı-ayrı mərhələlərdir.
Bu günkü reallıqları göstərib, fəxrlə qeyd edə bilərik ki, YAP Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycanı qurdu. “Yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Hər birimizin həyatında baş verən dəyişikliklər, həyatımızın köklü şəkildə yeniləşməsi, insanların həyat səviyyəsinin yüksəlməsidir. Əlbəttə, insanların rifah halı yaxşılaşdıqca, daha böyük arzular, istəklər yaranır. Ona görə də hesab edirəm ki, bu gün həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, insanlarımızın gələcəklə bağlı istəkləri gündən-günə genişlənir. Bəlkə də bu gün mən deyərdim ki, “Azərbaycan arzusu” deyilən bir məfhum meydana gəlib. 90-cı illərin əvvəllərində insanların hansı durumda olduqları yaddaşlardadır. Onlar sabahla bağlı ümidlərini açıq şəkildə ifadə edə bilmirdilər. İnsanlar həmin günün qayğılarından başqa heç bir arzunu ürəklərində belə formalaşdıra bilmirdilər. Bu gün isə insanların gələcəklə bağlı ümidləri böyükdür. Bunların hamısı Yeni Azərbaycan Partiyasının Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirdiyi böyük inkişaf proqramlarının nəticələridir. Gələcəyə ümidlə baxmaq, bu ümidlərdən doğan arzularla yaşamaq gərəkdir. Təbiidir ki, bu ümidlərin mərkəzində duran bir vacib məqam da ondan ibarətdir ki, insanlar aydın şəkildə dərk edirlər ki, hər günümüz əvvəlkindən daha yaxşı olacaq. “Əlbəttə, keçdiyimiz 30 illik yol şərəfli tarixdir”, bu tarixdə çətinliklər, məşəqqətlər olub, ancaq Heydər Əliyevin müdrikliyi sayəsində bunlar aradan qaldırılıb. Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkəsi kimi tanınıb. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. Qarşıda bundan da əzəmətli vəzifələr dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır.
Zeferyolu.az