Paşinyan nə etmək istəyir? - Rusiyanı qıcıqlandıran səbəb
25-noy, 11:16 185 Siyasət“Rusiya Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra əldə etdiyi üstünlüyü Avropa ilə bölüşməmək istəmədiyi üçün 15 dekabr görüşündən öncə təkidlə belə bir görüşü keçirəcək. Çünki Moskva 9 noyabr ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə anons versə də, İrəvanın belə bir istəkdə olmadığından həmin görüş baş tutmadı. Ancaq Paşinyanın Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə dekabrın 15-də görüşə razılıq verməsi, Moskvada müəyyən qıcığa səbəb olub. Və İrəvana təzyiq imkanlarından istifadə etməklə 15 dekabrdan öncə noyabrın 26-da üçtərəfli görüşün keçirilməsinə nail olub”.
Bunu açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, bu görüş bir daha onu sübut edir ki, Rusiya bölgədəki dominantlığını əldən vermək istəmir.
“Ermənistan-Azərbaycan münaqişəsinin həllində istər Rusiya, istərsə də Avropa ilk baxışda oxşar mövqedən çıxış etməsi görünsə də, əslində, tamamilə fərqli yanaşmalar mövcuddur. Avropa məsələnin yenidən ATƏT çərçivəsində həllinə üstünlük versə də, Rusiya 2020-ci ildə 44 günlük müharibə zamanı əldə etdiyi üstünlüyü əldən vermək istəmir və başlatdığı prosesi özü davam etdirmək istəyir”, - deputat qeyd edib.
Bununla belə deputat hesab edir ki, gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar prosesi dördlü platformaya çevrilə bilər və Türkiyə də Cənubi Qafqazda sülhün, sabitliyin yaranması isitqamətində gedən proseslərdə danışıqlarda rəsmi tərəf kimi iştirak edə bilər: “Belə bir ehtimal böyükdür və bu gələcək proseslərin inkişaf dinamikasından asılı olacaq. Hesab edirəm ki, Türkiyənin də prosesə cəlb olunması bölgədə sülhün əldə olunmasına öz müsbət töhfəsini vermiş olcaq”.
Deputat onu da əlavə edib ki, istər noyabrın 26-da, istərsə də dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Bir-biri ilə rəqabət aparan güclərin təşkil etdiyi görüş Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanın görüşlərdə mövqeyi Ermənistandan qat-qat üstündür və əlində yetərincə imkanlar mövcuddur.
Digər tərəfdən Azərbaycan hər zaman dialoqa və bölgədə real sülhün yaranması üçün istənilən formatda görüşə hazırdır”.