Prezident Arbitraj haqqında Qanunu təsdiqlədi
25-yan, 18:02 144 Gündəm / SiyasətArbitraj haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev təsdiqləyib.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu, 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. arbitraj – daimi arbitraj təşkilatı tərəfindən idarə edilib-edilməməsindən asılı olmayaraq arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesi;
1.1.2. arbitraj məhkəməsi – təkbaşına arbitr və ya arbitrlər kollegiyası;
1.1.3. arbitraj sazişi – müqavilədən irəli gəlib-gəlməməsindən asılı olmayaraq tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin (onların bir hissəsinin) arbitraja verilməsi barədə tərəflərin razılaşması;
1.1.4. beynəlxalq arbitraj – bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulan arbitraj;
1.1.5. daxili arbitraj – beynəlxalq arbitraja aid olmayan arbitraj;
1.1.6. xarici arbitraj məhkəməsi – arbitrajın yeri xarici ölkədə olan arbitraj məhkəməsi;
1.1.7. yerli arbitraj məhkəməsi – arbitrajın yeri Azərbaycan Respublikasında olan arbitraj məhkəməsi;
1.1.8. elektron məlumat – elektron, maqnit, optik və ya oxşar vasitələrlə, o cümlədən elektron məlumat mübadiləsi, elektron poçt, teleqram, teleks və ya telefaks vasitəsilə, lakin bunlarla məhdudlaşmayaraq, yaradılan, göndərilən, qəbul edilən və ya saxlanılan məlumat;
1.1.9. şəxsin olduğu yer – fiziki şəxsin adətən yaşadığı yer, hüquqi şəxsin isə daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer.
Maddə 2. Arbitraj haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Arbitraj haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Bu Qanunun təfsiri
3.1. Bu Qanunda (bu Qanunun 48-ci maddəsi istisna olmaqla) tərəflərə ayrı-ayrı məsələlər üzrə qərar qəbul etmək imkanı verildiyi halda, tərəflər belə qərarın qəbul edilməsini üçüncü şəxsə, o cümlədən təsisata tapşıra bilərlər.
3.2. Bu Qanunda tərəflərin razılaşmasına və ya razılığa gələ biləcəyinə istinad olunduqda, belə razılaşma həmin razılaşmada göstərilən arbitraj qaydalarını da əhatə edir.
3.3. Bu Qanunda (bu Qanunun 44.1.1-ci və 52.2.1-ci maddələri istisna olmaqla) iddiaya istinad həmçinin qarşılıqlı iddiaya, etiraza istinad isə qarşılıqlı iddiaya etiraza da tətbiq edilir.
Maddə 4. Bu Qanunun tətbiq dairəsi
4.1. Bu Qanun arbitrajın yeri Azərbaycan Respublikasında olan beynəlxalq və daxili arbitraja tətbiq edilir.
4.2. Bu Qanunun 10-cu, 13-cü, 17-ci, 18-ci, 32-ci, 33-cü, 34-cü, 46-cı, 48.5-ci, 55-ci və 56-cı maddələri arbitrajın yeri xarici ölkədə olduğu və ya arbitrajın yeri müəyyən olunmadığı hallarda da tətbiq edilir.
4.3. Aşağıdakı hallardan hər hansı biri mövcud olduqda arbitraj beynəlxalq sayılır:
4.3.1. arbitraj razılaşması (sazişi) (bundan sonra – arbitraj sazişi) tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer, həmin razılaşmanın bağlandığı vaxtda, ayrı-ayrı dövlətlərdə yerləşdikdə;
4.3.2. aşağıdakı yerlərdən biri tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövlətin hüdudlarından kənarda yerləşdikdə:
4.3.2.1. arbitraj sazişində və ya ona əsasən müəyyən edilmiş arbitrajın yeri;
4.3.2.2. kommersiya münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu yer və ya mübahisə predmetinin ən sıx əlaqəli olduğu yer;
4.3.3. arbitraj sazişinin predmetinin birdən çox dövlət ilə əlaqəli olması barədə tərəflər qəti razılığa gəldikdə.
4.4. Bu Qanunun 4.3-cü maddəsinin məqsədləri üçün aşağıdakı qaydalar tətbiq edilir:
4.4.1. tərəf birdən çox ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, arbitraj sazişinə ən sıx aidiyyəti olan yer tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer hesab olunur;
4.4.2. tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer olmadıqda həmin tərəfin olduğu yer əsas götürülür.
4.5. Bu Qanun mübahisələrin arbitraja verilə bilmədiyini və ya bu Qanunda olan müddəalardan fərqli qaydada verilə bildiyini nəzərdə tutan Azərbaycan Respublikası qanunlarının qüvvəsinə təsir göstərmir.
4.6. Bu Qanunun tənzimləmə predmetinə aid olan, lakin birbaşa həllini tapmayan məsələlər arbitrajın əsaslandığı ümumi prinsiplərə uyğun həll olunmalıdır.
4.7. Ələt azad iqtisadi zonasında arbitraj icraatının həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 5. Yazılı məlumatların alınması və müddətlərin hesablanması
5.1. Yazılı məlumatların alınmasına aşağıdakı qaydalar tətbiq edilir:
5.1.1. yazılı məlumat ünvan sahibinə şəxsən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yerə və ya onun olduğu yerə və yaxud həmin ünvan sahibinin poçt ünvanına çatdırıldıqda o, alınmış hesab edilir. Qeyd olunanları ağlabatan səylərlə müəyyən etmək mümkün olmadıqda, yazılı məlumat ünvan sahibinin sonuncu məlum olan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və ya olduğu yerə və ya poçt ünvanına sifarişli poçt göndərişi və ya yazılı məlumatın göndərilmə səyini təsdiq edən digər vasitələrlə göndərildikdə o, alınmış hesab edilir;
5.1.2. bu Qanunun 5.1.1-ci maddəsinə uyğun olaraq məlumatların çatdırıldığı gün məlumat alınmış hesab edilir.
5.2. Bu Qanunun məqsədləri üçün müddət axımı yazılı məlumatın alındığı gündən sonrakı gün başlayır. Belə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
5.3. Bu Qanunun 5.1-ci və 5.2-ci maddələrinin müddəaları məhkəmə icraatı zamanı yazılı məlumatların təqdim edilməsinə tətbiq edilmir.
5.4. Tərəflər yazılı məlumatların alınması və müddətlərin hesablanması ilə bağlı fərqli qaydalar və ya tələblər müəyyənləşdirə bilərlər.
Maddə 6. Arbitraj bildirişi
6.1. Arbitraj icraatının başlanılması niyyətində olan tərəf (iddiaçı) və ya tərəflər (iddiaçılar) digər tərəfə (cavabdehə) və ya tərəflərə (cavabdehlərə) arbitraj haqqında bildiriş göndərməlidir.
6.2. Arbitraj icraatı cavabdeh tərəfindən arbitraj bildirişinin alındığı gündən başlanmış hesab edilir.
6.3. Arbitraj bildirişində aşağıdakılar qeyd edilir:
6.3.1. tərəflərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və əlaqə məlumatları;
6.3.2. istinad edilən arbitraj sazişi;
6.3.3. haqqında mübahisənin yarandığı müqavilə və ya digər hüquqi sənəd və ya belə müqavilə və ya digər hüquqi sənəd olmadıqda mübahisənin qısa təsviri;
6.3.4. mübahisənin arbitraj məhkəməsinə verilməsi tələbi;
6.3.5. iddianın predmeti;
6.3.6. iddiaçının iddia tələbləri və tələb olunan məbləğin miqdarı (olduğu halda);
6.3.7. tərəflər bu barədə əvvəlcədən razılığa gəlməmişlərsə, arbitrlərin sayı, arbitraj icraatının aparıldığı dil və arbitrajın yeri haqqında təklif.
6.4. Arbitraj bildirişində bu Qanunun 6.3-cü maddəsində göstərilənlərlə yanaşı arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə olunması, arbitr və ya arbitrlərin təyin edilməsi barədə təklif də göstərilə bilər.
6.5. Arbitraj bildirişinin məzmununa dair bu Qanunun 6.3-cü maddəsində qeyd edilən tələblərə əməl olunmaması mübahisənin arbitraj məhkəməsində baxılmasına mane ola bilməz.
6.6. Tərəflər arbitraj bildirişi ilə bağlı fərqli qaydalar və ya tələblər müəyyənləşdirə bilərlər.
Maddə 7. Arbitraj bildirişinə cavab
7.1. Cavabdeh arbitraj bildirişini aldığı gündən 30 (otuz) gün ərzində iddiaçıya arbitraj bildirişinə cavab göndərə bilər.
7.2. Arbitraj bildirişinə cavabda aşağıdakılar qeyd edilməlidir:
7.2.1. cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və əlaqə məlumatları;
7.2.2. bu Qanunun 6.3.3-cü və 6.3.5 – 6.3.7-ci maddələrinə uyğun olaraq arbitraj bildirişində qeyd olunan məlumatlara cavab.
7.3. Arbitraj bildirişinə cavabda həmçinin aşağıdakılar qeyd edilə bilər:
7.3.1. bu Qanuna uyğun olaraq yaradılacaq arbitraj məhkəməsinin səlahiyyətli olmadığı barədə iddia;
7.3.2. arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə olunması, arbitr və ya arbitrlərin təyin edilməsi barədə təklif;
7.3.3. qarşılıqlı iddiaların qısa təsviri, qarşılıqlı iddianın tələbləri və tələb olunan məbləğin miqdarı (olduğu halda);
7.3.4. cavabdeh iddiaçıdan başqa digər şəxsə qarşı iddia irəli sürdüyü halda, bu Qanunun 6-cı maddəsinə uyğun olaraq arbitraj bildirişi.
7.4. Arbitraj bildirişinə cavabın məzmununa dair bu Qanunun 7.2-ci maddəsində qeyd edilən tələblərə əməl olunmaması, həmçinin cavabdehin arbitraj bildirişinə cavab verməməsi və ya natamam, yaxud gec cavab verməsi mübahisənin arbitraj məhkəməsində baxılmasına mane ola bilməz.
7.5. Tərəflər arbitraj bildirişinə cavabla bağlı fərqli qaydalar və ya tələblər müəyyənləşdirə bilərlər.
Maddə 8. Etiraz hüququndan imtina etmə
Bu Qanunun tərəflərin ayrı qayda müəyyənləşdirmək hüququna malik olduqları hər hansı müddəasının və ya arbitraj sazişi üzrə hər hansı tələbin yerinə yetirilmədiyini bilən tərəf etiraz etmədən arbitraj icraatında iştirak etməyə davam etdikdə və etiraz edilməsi üçün müəyyən edilən müddət ərzində və ya bu cür müddət müəyyən edilmədikdə ağlabatan müddət ərzində öz etirazını bildirmədikdə, etiraz etmək hüququndan imtina etmiş sayılır.
Maddə 9. Məhkəmə müdaxiləsinin hüdudları
Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunla tənzimlənən məsələlərə məhkəmə müdaxiləsinə yol verilmir.
Maddə 10. Arbitraja münasibətdə nəzarət və yardım funksiyalarını yerinə yetirən məhkəmə
10.1. Bu Qanunun 18-ci, 20.3.1-ci, 20.3.2-ci, 20.4-cü, 20.6-cı, 22.3-cü, 23.1-ci, 25.3-cü, 34-cü, 46-cı, 54.2-ci, 54.4-cü, 54.6-cı və 57.2-ci maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində kommersiya məhkəmələri yerinə yetirirlər. Arbitrajın yeri xarici ölkədə olduğu və ya müəyyən olunmadığı hallarda bu Qanunun 18-ci, 34-cü və 46-cı maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsi yerinə yetirir.
10.2. Beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və tərəflərdən azı birinin olduğu və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer Azərbaycan Respublikası ərazisində yerləşdikdə, bu Qanunun 20.3.1-ci, 20.3.2-ci, 20.4-cü, 20.6-cı, 22.3-cü və 23.1-ci maddələrində qeyd edilən məhkəmənin funksiyalarını tərəflərin razılığına əsasən Azərbaycan Respublikası ərazisində yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsi yerinə yetirir.
10.3. Bu Qanunun 32-ci, 33.1.1-ci, 33.1.2-ci və 33.3-cü maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq apellyasiya məhkəməsi yerinə yetirir.
10.4. Bu Qanunun 55.1-ci, 56.1.1-ci, 56.1.2-ci, 56.2-ci və 56.3-cü maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Ali Məhkəməsi yerinə yetirir.
Maddə 11. Daimi arbitraj təşkilatları
11.1. Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.
11.2. Daimi arbitraj təşkilatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) akkreditasiyadan keçmiş qeyri-kommersiya hüquqi şəxsidir. Dövlət orqanları, bələdiyyələr, dövlət və bələdiyyələrə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər (bu Qanunun 11.3-cü maddəsi nəzərə alınmaqla), siyasi partiyalar, dini qurumlar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Notariat Palatası və Mediasiya Şurası tərəfindən daimi arbitraj təşkilatlarının yaradılmasına yol verilmir.
11.3. Qanunla müəyyən edilmiş hallarda sahibkarların hüquq və qanuni mənafelərini müdafiə edən publik hüquqi şəxslər tərəfindən daimi arbitraj təşkilatları yaradıla bilər.
11.4. Daimi arbitraj təşkilatının adında “arbitraj məhkəməsi” sözlərindən istifadə edilməsi qadağandır. Daimi arbitraj təşkilatının adı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin adlarına bənzəməməli və səlahiyyətləri ilə əlaqədar mülki dövriyyə iştirakçılarını yanıltmamalı və ya yanılda bilən olmamalıdır.
11.5. Daimi arbitraj təşkilatının akkreditasiyası zamanı daimi arbitraj təşkilatının bu Qanunun tələblərinə cavab verən qaydalara və azı 3 (üç) arbitrin daxil olduğu ilkin arbitr siyahısına malik olması, daimi arbitraj təşkilatının müstəqilliyi, fəaliyyətinin təşkili üçün müvafiq struktur bölmələrinin, o cümlədən həmin struktur bölmələrinin fəaliyyətini tənzimləyən daxili qaydaların, arbitraj icraatının idarə edilməsi üçün insan və maliyyə resurslarının və zəruri infrastrukturun mövcud olması, işçilərinə münasibətdə etik davranış qaydalarına, fəaliyyətin şəffaflığına və effektiv daxili nəzarətə dair sənədlərin qəbul edilməsi məsələləri qiymətləndirilir.
11.6. Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
11.7. Daimi arbitraj təşkilatının qaydalarında həmin təşkilat tərəfindən idarə olunan mübahisələrin növləri, onun funksiyaları, arbitraj icraatının aparılması qaydası, arbitraj icraatı zamanı arbitraj məhkəməsinin və daimi arbitraj təşkilatının səlahiyyətləri, arbitrlərin müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi üçün tələblər, arbitraj xərclərinin tərkibi (o cümlədən arbitraj haqqının məbləği və ya onun müəyyən edilməsi) və onun bölüşdürülməsi, habelə işlərin saxlanması qaydaları və daimi arbitraj təşkilatının funksiyalarına aid digər məsələlər müəyyən edilir.
11.8. Bu Qanunun 11-ci maddəsinin müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.
Maddə 12. Ad hok (ad hoc) arbitraj
12.1. Ad hok arbitraj daimi arbitraj təşkilatı tərəfindən idarə edilməyən arbitrajdır.
12.2. Ad hok arbitraj yalnız beynəlxalq arbitraja münasibətdə təşkil edilə bilər.
12.3. Ad hok arbitrajın təşkili və fəaliyyət qaydaları, habelə arbitraj icraatı bu Qanunun müddəaları nəzərə alınmaqla tərəflərin razılaşması ilə müəyyən edilir.
12.4. Ad hok arbitraj məhkəməsində baxılan mübahisənin tərəfləri arbitraj icraatına sürətləndirilmiş arbitraj qaydalarının tətbiqi barədə razılığa gələ bilərlər. Tərəflər arasında sürətləndirilmiş icraata tətbiq ediləcək qaydalar barədə digər razılıq yoxdursa, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) sürətləndirilmiş arbitraj qaydaları tətbiq ediləcək.
Maddə 13. Arbitrajda həll edilə bilən mübahisələr
13.1. Bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.
13.2. Bu Qanunun 13.3-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı işlər arbitrajda həll edilə bilməz:
13.2.1. cinayət və inzibati xətalarla bağlı işlər;
13.2.2. inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər;
13.2.3. ailə münasibətlərindən irəli gələn mübahisələr;
13.2.4. şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər;
13.2.5. əmək mübahisələri;
13.2.6. ətraf mühitin mühafizəsi sahəsində mübahisələr;
13.2.7. vərəsəlik işləri;
13.2.8. əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr;
13.2.9. rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr;
13.2.10. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr;
13.2.11. müflisləşmə və iflasa dair işlər;
13.2.12. hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı iddialara dair işlər (hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) olduqda);
13.2.13. fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda);
13.2.14. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;
13.2.15. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr.
13.3. Bu Qanunun 13.2.14-cü və 13.2.15-ci maddələrində göstərilən işlər yerli arbitraj məhkəməsində həll edilə bilər.
Maddə 14. Daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər
14.1. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 (üç) il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.
14.2. Mübahisəni təkbaşına həll edən arbitr bu Qanunun 14.1-ci maddəsində qeyd edilən tələblərlə yanaşı ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitrlər kollegiyasının sədri ali hüquq təhsilli olmalıdır.
14.3. Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.
14.4. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçuları, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.
Maddə 15. Arbitrlər reyestri
Daimi arbitraj təşkilatları arbitrlər haqqında məlumatları özündə əks etdirən arbitrlər reyestrini apara bilərlər.
2-ci fəsil
ARBİTRAJ SAZİŞİ
Maddə 16. Arbitraj sazişinin forması və təfsiri
16.1. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər.
16.2. Arbitraj sazişi yazılı formada bağlanılır.
16.3. Arbitraj sazişinin və ya müqavilənin bağlanılması formasından asılı olmayaraq arbitraj sazişinin məzmunu hər hansı formada qeydə alındıqda, arbitraj sazişi yazılı formada bağlanılmış hesab olunur.
16.4. Elektron məlumat o halda arbitraj sazişinin yazılı formada bağlanılması tələbinə cavab verir ki, orada olan məlumatlar sonradan istifadə üçün əlçatan olsun.
16.5. Arbitraj sazişi o halda yazılı formada bağlanılmış hesab olunur ki, tərəflərdən biri iddia ərizəsi və iddiaya etirazın mübadiləsi zamanı arbitraj sazişinin mövcudluğunu bildirsin və digər tərəf buna etiraz etməsin.
16.6. Arbitraj qeyd-şərti olan sənədə müqavilədə istinad edilməsi yazılı formada bağlanılmış arbitraj sazişi hesab olunur, bir şərtlə ki, həmin istinad qeyd olunan qeyd-şərti müqavilənin tərkib hissəsinə çevirsin.
16.7. Arbitraj sazişində istinad olunan arbitraj qaydaları arbitraj sazişinin tərkib hissəsi hesab edilir.
16.8. Arbitraj sazişinin təfsiri zamanı hər hansı qeyri-müəyyənlik arbitraj sazişinin etibarlılığı və mövcudluğunun xeyrinə təfsir edilməlidir.
Maddə 17. Arbitraj sazişi və mübahisənin mahiyyəti üzrə məhkəməyə müraciət edilməsi
17.1. Arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Belə etiraz işə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olmadıqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır.
17.2. Etiraz etməmiş tərəf məhkəmə baxışı zamanı yalnız o halda etiraz edə bilər ki, işə mahiyyəti üzrə baxılmasına qədər etiraz edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut etsin. Bu halda məhkəmə həmin etiraza bu Qanunun 17.1-ci maddəsində müəyyən edilmiş qaydada baxmalıdır.
17.3. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı iddia məhkəmənin icraatında olduğu müddətdə arbitraj icraatı başlana və ya davam etdirilə, habelə arbitraj qərarı qəbul edilə bilər.
Maddə 18. Məhkəmənin müvəqqəti təminat tədbirləri
Tərəflər arbitraj icraatının başlanmasına qədər və ya arbitraj icraatı ərzində müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi haqqında məhkəməyə müraciət edə və məhkəmə belə tədbirlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edə bilər.
3-cü fəsil
ARBİTRAJ MƏHKƏMƏSİNİN TƏRKİBİ
Maddə 19. Arbitrlərin sayı
19.1. Tərəflər arbitrlərin sayını, bu sayın tək olması şərtilə, müəyyən etməkdə sərbəstdirlər.
19.2. Tərəflər arbitrlərin sayını müəyyən etmədikdə 3 (üç) arbitr təyin edilir.
Maddə 20. Arbitrlərin təyin edilməsi
20.1. Tərəflər arasında digər razılıq yoxdursa, şəxsin vətəndaşlığı onun arbitr kimi təyin olunmasına mane ola bilməz.
20.2. Bu Qanunun 20.4 – 20.6-cı maddələrinə əməl etmək şərtilə tərəflər arbitrlərin təyin edilməsi prosedurunu müəyyən etməkdə sərbəstdirlər.
20.3. Tərəflər arasında digər razılıq yoxdursa, aşağıdakı qaydalar tətbiq edilir:
20.3.1. tək arbitrli arbitrajda tərəflər arbitrin təyin edilməsi barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələr tərəfindən təyin edilir;
20.3.2. 3 (üç) arbitri olan arbitrajda hər bir tərəf 1 (bir) arbitr təyin edir, təyin edilmiş 2 (iki) arbitr isə üçüncü arbitri təyin edir. Tərəflərdən biri digər tərəfin arbitr təyin edilmə barədə müraciətini aldıqdan 30 (otuz) gün müddətinə arbitr təyin etmədikdə və ya 2 (iki) arbitr təyin edildikləri gündən 30 (otuz) gün müddətində üçüncü arbitr haqqında razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələr tərəfindən təyin edilir.
20.4. Tərəflərin əvvəlcədən razılaşdırdıqları arbitrlərin təyin edilməsi proseduru zamanı aşağıdakı hallarda tərəflər bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə zəruri tədbirlərin görülməsi barədə müraciət edə bilərlər, bir şərtlə ki, təyinetmə proseduru haqqında tərəflərin razılaşmasında digər qaydalar nəzərdə tutulmasın:
20.4.1. tərəflərdən biri belə prosedura əməl etmədikdə;
20.4.2. tərəflər və ya iki arbitr belə prosedura uyğun razılığa gələ bilmədikdə;
20.4.3. üçüncü şəxs prosedura uyğun üzərinə düşmüş hər hansı funksiyanı yerinə yetirmədikdə.
20.5. Tərəflər arbitrlərin təyin edilməsini üçüncü şəxsə tapşıra bilərlər və bu halda, bu Qanunun 20.3-cü və 20.4-cü maddələrində göstərilmiş qaydada arbitrlərin məhkəmə tərəfindən təyin edilməsinə dair məhkəməyə müraciət edilə bilməz.
20.6. Bu Qanunun 20.3-cü və 20.4-cü maddələrində müəyyən edilmiş məsələlərə dair bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələr tərəfindən qəbul edilmiş qərar qətidir, ondan şikayət verilə bilməz. Məhkəmə arbitr təyin edərkən tərəflərin arbitr üçün müəyyən etdikləri bütün zəruri tələbləri, o cümlədən arbitrin müstəqilliyi və qərəzsizliyinə aid tələbləri, beynəlxalq arbitrajda təkbaşına arbitr və ya üçüncü arbitr təyin edildiyi hallarda həmçinin tərəflərin vətəndaşlığına mənsub olmayan, digər vətəndaşlığı olan arbitrin təyin edilməsinin məqsədəuyğunluğunu nəzərə almalıdır.
Maddə 21. Arbitrə etiraz üçün əsaslar
21.1. Hər hansı bir şəxsə onun arbitr təyin edilməsi ilə bağlı müraciət edildikdə həmin şəxs özünün qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək hallar haqqında məlumat verməlidir. Arbitr təyin edildikdən sonra arbitraj icraatı zamanı da bütün belə hallar haqqında təxirə salınmadan tərəflərə məlumat verməlidir, bu şərtlə ki, əvvəlcədən bu məlumatları tərəflərə açıqlamamış olsun.
21.2. Arbitrə etiraz yalnız onun qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr yarada biləcək hallar olduqda və ya onun tərəflərin arbitrə dair müəyyən etdikləri tələblərə cavab vermədiyi hallarda edilə bilər. Tərəf özünün təyin etdiyi və ya təyin olunmasında iştirak etdiyi arbitrə yalnız onun təyin edilməsindən sonra ona məlum olmuş əsaslarla etiraz edə bilər.
Maddə 22. Arbitrə etiraz proseduru
22.1. Tərəflər bu Qanunun 22.3-cü və 22.4-cü maddələrinin müddəalarına əməl etmək şərtilə arbitrə etiraz prosedurunu razılaşdırmaqda sərbəstdirlər.
22.2. Tərəflər arasında etiraz proseduru haqqında razılaşma olmadıqda arbitrə etiraz etmək istəyən tərəf arbitraj məhkəməsinin təşkil olunduğu və ya bu Qanunun 21.2-ci maddəsində qeyd edilən hallardan hər hansı birini bildiyi tarixdən 15 (on beş) gün müddətində etirazın səbəblərini yazılı qaydada həmin arbitraj məhkəməsinə bildirməlidir. Etiraz edilmiş arbitr öz funksiyasından imtina etmədikdə və ya digər tərəf etiraz ilə razılaşmadıqda etiraz arbitraj məhkəməsi tərəfindən həll edilir.
22.3. Tərəflər arasında razılaşdırılmış etiraz prosedurunun və ya belə razılaşma olmadıqda bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş prosedurun tətbiqi zamanı arbitrə etiraz təmin edilmədikdə, etiraz etmiş tərəf etirazın rədd edilməsi haqqında qərarı aldığı gündən 30 (otuz) gün müddətində bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə etirazla bağlı qərar qəbul edilməsi barədə müraciət edə bilər. Belə qərar qətidir və ondan şikayət verilə bilməz. Etiraz məsələsi ilə bağlı müraciət məhkəmənin icraatında olduğu müddətdə arbitraj icraatı davam etdirilə və arbitraj qərarı qəbul edilə bilər.
22.4. Tərəflərin arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə razılığa gəldikləri halda, həmin təşkilatın qaydalarında başqa qayda nəzərdə tutulmamışdırsa, etiraz məsələsinin həlli üçün bu Qanunun 22.3-cü maddəsində göstərilmiş qaydada məhkəməyə müraciət edilə bilməz.
Maddə 23. Hərəkətsizlik və ya fəaliyyətin mümkünsüzlüyü
23.1. Arbitr öz funksiyasını yerinə yetirə bilmədikdə, yaxud digər səbəblərdən lüzumsuz gecikmələrlə fəaliyyət göstərdikdə, arbitrin öz funksiyasından imtina etdiyi və yaxud tərəflər arasında bu barədə razılıq əldə edildiyi hallarda onun səlahiyyətinə (mandatına) xitam verilir. Bu əsasların hər hansı biri barəsində fikir ayrılığı yarandıqda, hər bir tərəf bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə arbitrin səlahiyyətinə (mandatına) xitam verilməsinə dair qərar qəbul edilməsi üçün müraciət edə bilər. Məhkəmənin arbitrin səlahiyyətinə (mandatına) xitam verilməsi barədə qərarı qətidir və ondan şikayət verilə bilməz.
23.2. Tərəflərin arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə razılığa gəldikləri halda həmin təşkilatın qaydalarında başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 23.1-ci maddəsində göstərilmiş qaydada arbitrin səlahiyyətinə (mandatına) xitam verilməsinə dair məhkəməyə müraciət edilə bilməz.
23.3. Bu Qanunun 22.2-ci və ya 23-cü maddələrinə uyğun olaraq arbitrin öz funksiyalarından imtina etməsi və ya tərəfin onun səlahiyyətinə (mandatına) xitam verilməsinə razılıq verməsi bu Qanunun 21.2-ci və ya 23-cü maddələrində göstərilən əsasların təsdiqi kimi qəbul edilməməlidir.
Maddə 24. Yeni arbitrin təyin edilməsi
Arbitrin səlahiyyətinə (mandatına) bu Qanunun 22-ci və ya 23-cü maddələrinə əsasən xitam verildikdə, tərəflər arasında bu barədə digər razılaşma olmadığı hallarda yeni arbitr əvəz edəcəyi arbitrin təyin olunduğu qaydalara uyğun olaraq təyin edilir.
Maddə 25. Arbitraj məhkəməsinin öz səlahiyyəti haqqında qərar qəbul etmək hüququ
25.1. Arbitraj məhkəməsi öz səlahiyyəti haqqında, o cümlədən arbitraj sazişinin mövcudluğuna və ya etibarlılığına dair etirazla bağlı qərar çıxara bilər. Bu məqsədlə müqavilənin tərkib hissəsi olan arbitraj qeyd-şərti müqavilənin digər şərtlərindən asılı olmayan (müstəqil) razılıq kimi şərh olunmalıdır. Müqavilənin etibarsızlığı haqqında arbitraj məhkəməsinin çıxardığı qərar “ipso jure” (qanuna görə) arbitraj qeyd-şərtinin etibarsızlığına səbəb olmur.
25.2. Arbitraj məhkəməsinin səlahiyyətinin olmaması haqqında ərizə iddiaya qarşı etiraz verilməsi ilə eyni zamanda və ya ondan əvvəl verilməlidir. Tərəfin arbitr təyin etməsi və ya arbitrin təyin edilməsində iştirak etməsi həmin tərəfi belə ərizə vermək hüququndan məhrum etmir. Arbitraj məhkəməsinin öz səlahiyyətini aşması haqqında ərizə arbitraj icraatının gedişində arbitraj məhkəməsinin səlahiyyətindən kənar olduğu iddia edilən məsələ qaldırıldıqdan sonra təxirə salınmadan verilir. Arbitraj məhkəməsi gecikmənin səbəbini üzrlü hesab etdikdə, gecikmiş ərizəni hər bir halda qəbul edə bilər.
25.3. Arbitraj məhkəməsi bu Qanunun 25.2-ci maddəsində qeyd olunan ərizəyə ilkin məsələ kimi və ya mübahisəni mahiyyətcə həll edən qərarda baxa bilər. Arbitraj məhkəməsi ilkin məsələ kimi özünün səlahiyyəti barədə qərar qəbul etdikdə hər bir tərəf bu qərar barədə məlumat aldığı gündən 30 (otuz) gün ərzində bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrə həmin məsələyə baxılması barədə müraciət edə bilər. Bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilən məhkəmələrin arbitraj məhkəməsinin səlahiyyətli olmaması barədə qəbul etdiyi qərardan apellyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir və belə qərardan şikayət verilə bilməz. Bu müraciət həll edilənədək arbitraj məhkəməsi arbitraj icraatını davam etdirə və arbitraj qərarı çıxara bilər.
25.4. Tərəflərin arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə razılığa gəldikləri halda daimi arbitraj təşkilatının qaydalarında fərqli qayda müəyyən edilməmişdirsə, bu Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş qaydada arbitraj məhkəməsinin səlahiyyəti barədə məsələnin həlli üçün məhkəməyə müraciət edilə bilməz.
25.5. Tərəflər arasında arbitraj sazişinə (o cümlədən, onun etibarlılığına, bağlanmasına, xitam olunmasına, şərh edilməsinə, arbitraj sazişində olan hüquq və öhdəliklərin başqa şəxsə ötürülməsinə və sair bu kimi məsələlərə) tətbiq edilən qanunvericilik barədə digər razılaşma olmadığı hallarda arbitraj məhkəməsi arbitraj sazişinə tətbiq edilən hüququ müəyyən etməkdə sərbəstdir.
Maddə 26. Arbitrlərin məsuliyyəti
26.1. Arbitrlər öz funksiyalarının icrası ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsindən azaddırlar, bir şərtlə ki, onlar öz funksiyalarını vicdanla yerinə yetirmiş olsunlar.
26.2. Arbitrin öz funksiyalarının icrasından imtina etməsi və ya hərəkətsizliyi bu cür imtina və ya hərəkətsizliyin əsassız olduğunun sübut olunduğu hallar istisna olmaqla, arbitrin məsuliyyətinə səbəb olmur.
4-cü fəsil
MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİ
Maddə 27. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul etmək səlahiyyətləri
27.1. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi tərəflərin müraciəti ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər.
27.2. Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edərək mübahisənin tərəflərindən aşağıdakıları tələb edə bilər:
27.2.1. mövcud və ya ilkin vəziyyəti mübahisənin həllinə qədər saxlamaq və ya bərpa etmək;
27.2.2. yaranmış və ya yarana biləcək zərərin, yaxud arbitraj icraatının özü ilə bağlı zərərin qarşısını almaq üçün tədbirlər görmək və ya belə zərərə səbəb ola biləcək hərəkətlərdən çəkinmək;
27.2.3. mübahisə üzrə yekun arbitraj qərarının icrası üçün lazım olan aktivlərin mühafizəsini təmin etmək;
27.2.4. işə aid ola biləcək, habelə mübahisənin həlli üçün əhəmiyyəti olan sübutları mühafizə etmək.
27.3. Tərəflər arasında digər razılıq yoxdursa, müvəqqəti təminat tədbirləri barədə əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bu tədbirlərin yönələcəyi tərəfə belə qərar qəbul edilməmişdən əvvəl xəbər verməlidir.
27.4. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edildikdən dərhal sonra arbitraj məhkəməsi bütün tərəflərə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə bildirişi, müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı müraciəti, həmin qərarı və olduğu halda, tərəflər və arbitraj məhkəməsi arasında olan bütün yazışmaları göndərməli, habelə şifahi məlumat mübadilələrinin məzmunu barədə məlumat verməlidir.
Maddə 28. Müvəqqəti təminat tədbirlərinin tətbiqi şərtləri
28.1. Bu Qanunun 27.2.1 – 27.2.3-cü maddələrində qeyd olunan müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə müraciət edən tərəf arbitraj məhkəməsinə aşağıdakı halların mövcudluğunu sübut etməlidir:
28.1.1. belə tədbirin tətbiq edilmədiyi təqdirdə vurulacaq zərərin yekun arbitraj qərarı ilə aradan qaldırıla bilməyəcəyini və həmin tədbirin tətbiqi nəticəsində vurula biləcək zərərdən əhəmiyyətli dərəcədə daha çox olacağını;
28.1.2. müraciət edən tərəfin xeyrinə iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ağlabatan ehtimalların olduğunu. Bu zaman belə ehtimalın müəyyən edilməsi sonradan hər hansı qərarın çıxarılması zamanı arbitraj məhkəməsinin mövqeyinə təsir göstərməməlidir.
28.2. Bu Qanunun 27.2.4-cü maddəsində nəzərdə tutulan müvəqqəti təminat tədbirinin tətbiqi barədə müraciətə münasibətdə bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrinin tələbləri arbitraj məhkəməsinin uyğun hesab etdiyi həddə tətbiq olunur.
28.3. Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə müraciət edən tərəfdən belə tədbirlərlə bağlı təminatın verilməsini tələb edə bilər.
Maddə 29. Müvəqqəti təminat tədbirlərinin dəyişdirilməsi, icrasının dayandırılması və ləğvi
Arbitraj məhkəməsi hər hansı tərəfin müraciəti əsasında və ya müstəsna hallarda tərəfləri əvvəlcədən xəbərdar etməklə öz təşəbbüsü ilə tətbiq olunmuş müvəqqəti təminat tədbirlərini dəyişdirə, icrasını dayandıra və ya ləğv edə bilər.
Maddə 30. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə əlaqədar məlumatların açıqlanması
Arbitraj məhkəməsi istənilən tərəfdən müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsas olmuş hallarda baş vermiş əhəmiyyətli dəyişikliklər barədə dərhal məlumat verilməsini tələb edə bilər.
Maddə 31. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə əlaqədar xərclər və zərərlər
Arbitraj məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığını sonradan müəyyən etdikdə, bu tədbirlərin tətbiqi barədə müraciət edən tərəf həmin tədbirlərin tətbiqi nəticəsində dəymiş zərərin və xərclərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Arbitraj məhkəməsi arbitraj icraatının istənilən mərhələsində bu xərclərin və zərərlərin əvəzinin ödənilməsi barədə qərar qəbul edə bilər.
Maddə 32. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası
32.1. Bu Qanunun 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla çıxarıldığı ölkədən asılı olmayaraq, bu Qanunun 10.3-cü maddəsində göstərilmiş məhkəməyə müraciət edilməsi yolu ilə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi tanınır və arbitraj məhkəməsi tərəfindən başqa hal nəzərdə tutulmamışdırsa, icra olunur.
32.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icra olunması üçün müraciət etmiş və ya belə müraciəti təmin edilmiş tərəf həmin tədbirlər ləğv edildikdə, icrası dayandırıldıqda və ya dəyişdirildikdə dərhal bu barədə məhkəməyə məlumat verməlidir.
32.3. Təminatın təqdim edilməsi məsələsi üzrə arbitraj məhkəməsi tərəfindən qərar çıxarılmamışdırsa və ya belə qərarın çıxarılması üçüncü şəxslərin hüquqlarının qorunması üçün zəruridirsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası haqqında müraciətə baxan məhkəmə məqsədəuyğun hesab etdiyi halda müraciət edən tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər.
32.4. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj qərarı tanınması və ya icra olunması üçün məhkəməyə bu Qanunun 55.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməlidir.
Maddə 33. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından imtina edilməsi üçün əsaslar
33.1. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:
33.1.1. əleyhinə belə qərar çıxarılmış tərəfin müraciəti ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
33.1.1.1. bu Qanunun 56.1.1.1 – 56.1.1.4-cü maddələrində qeyd olunan əsaslardan birinin mövcudluğunu (bu Qanunun 56.1.1.2-ci maddəsinə münasibətdə bu Qanunun 27.3-cü maddəsində göstərilən hal istisna olmaqla);
33.1.1.2. müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;
33.1.1.3. arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;
33.1.2. məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:
33.1.2.1. məhkəmənin öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;
33.1.2.2. bu Qanunun 56.1.2.1-ci və 56.1.2.2-ci maddələrində qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.
33.2. Bu Qanunun 33.1-ci maddəsində qeyd olunan istənilən əsas üzrə qəbul edilmiş qərar yalnız müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icrası ilə bağlı müraciətin məqsədləri üçün qüvvəyə malikdir.
33.3. Tanınma və ya icra haqqında müraciətə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmamalıdır.
Maddə 34. Məhkəmə tərəfindən tətbiq olunan müvəqqəti təminat tədbirləri
Tərəflərdən birinin ərizəsi əsasında bu Qanunun 10.1-ci maddəsində göstərilmiş məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər. Arbitrajın yerinin Azərbaycan Respublikasının ərazisində olub-olmamasından asılı olmayaraq, arbitraj icraatı ilə əlaqədar müvəqqəti təminat tədbirlərinin tətbiqində məhkəmənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş səlahiyyətləri vardır.
5-ci fəsil
ARBİTRAJ İCRAATININ APARILMASI
Maddə 35. Tərəflərə bərabər münasibət
Arbitraj icraatı zamanı tərəflər bərabərdir və hər bir tərəfə öz mövqeyini ifadə etmək üçün bütün imkanlar verilməlidir.
Maddə 36. İcraat qaydalarının müəyyən edilməsi
36.1. Bu Qanunun müddəalarına əməl etmək şərtilə tərəflər arbitraj məhkəməsi tərəfindən icraatın aparılması qaydasını razılaşdırmaqda sərbəstdirlər.
36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş razılıq olmadıqda arbitraj məhkəməsi bu Qanunun müddəalarına əməl etməklə özünün müəyyən etdiyi qaydada arbitraj icraatını apara bilər. Arbitraj məhkəməsinə verilən səlahiyyətlərə sübutların mümkünlüyünü, qüvvəsini, aidiyyətini və əhəmiyyətini müəyyən etmək səlahiyyətləri də daxildir.
Maddə 37. Arbitrajın yeri
37.1. Tərəflər arbitrajın yerini razılaşdırmaqda sərbəstdirlər. Belə razılıq olmadıqda işin halları, o cümlədən tərəflər üçün əlverişliliyi nəzərə alınmaqla arbitrajın yeri arbitraj məhkəməsi tərəfindən müəyyən edilir.
37.2. Bu Qanunun 37.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi arbitrlər arasında məsləhətləşmələrin aparılması, şahidlərin, ekspertlərin və ya tərəflərin dindirilməsi, malların, digər əmlakın və ya sənədlərin yerində müayinəsi baxımından əlverişli olan istənilən yerdə iclasını keçirə bilər.
Maddə 38. Arbitraj icraatında nümayəndəlik
Tərəflər arbitraj icraatının istənilən mərhələsində vəkil və ya digər nümayəndə ilə təmsil olunmaq hüququna malikdirlər.
Maddə 39. Arbitraj icraatında varislik
39.1. Tərəflər arasında digər razılıq yoxdursa, hüquqi varis arbitraj sazişinin tərəfinə çevrilir.
39.2. Tərəflər arasında digər razılıq yoxdursa, fiziki şəxsin ölümü, hüquqi şəxsin yenidən təşkili və ya maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər halları arbitraj sazişinin ləğvinə və ya artıq təyin edilmiş arbitrin (arbitrlərin) dəyişdirilməsinə səbəb olmur.
Maddə 40. Arbitraj icraatının aparıldığı dil
40.1. Tərəflər arbitraj icraatının aparılacağı dili və ya dilləri barəsində razılaşmaqda sərbəstdirlər. Belə razılıq olmadıqda arbitraj icraatında istifadə ediləcək dili və ya dilləri arbitraj məhkəməsi müəyyən edir. Tərəflər və ya arbitraj məhkəməsi digər hal nəzərdə tutmamışdırsa, arbitraj icraatının aparılacağı dil və ya dillər tərəflərin istənilən yazılı müraciətinə, arbitraj məhkəməsinin istənilən iclasına, qərarına və digər məlumatlarına şamil edilir.
40.2. Arbitraj məhkəməsi istənilən yazılı sübutun tərəflərin razılaşdığı və ya arbitraj məhkəməsinin müəyyən etdiyi dilə və ya dillərə tərcüməsi ilə birlikdə təqdim edilməsi barədə göstəriş vermək hüququna malikdir.
Maddə 41. İddia ərizəsi və iddiaya etiraz
41.1. Tərəflərin razılaşdığı və ya arbitraj məhkəməsinin müəyyən etdiyi müddət ərzində iddiaçı öz iddia tələbini əsaslandıran faktları, həll edilməli olan məsələləri və öz iddia tələbini, cavabdeh isə bu məsələlər üzrə öz etirazlarını ərizələrində bəyan etməlidir, bu şərtlə ki, tərəflər belə ərizələrin məzmunu barədə başqa cür razılığa gəlməsinlər. Tərəflər işə aid olduğunu hesab etdikləri bütün sənədləri öz ərizələri ilə birlikdə təqdim edə və ya sonradan təqdim edəcəkləri sənədlərə və ya digər sübutlara istinad edə bilərlər.
41.2. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj icraatının gedişində hər bir tərəf öz iddia tələbini və ya iddiaya etirazını dəyişdirə və ya tamamlaya bilər, bir şərtlə ki, arbitraj məhkəməsi yol verilmiş gecikməni nəzərə almaqla, bu cür dəyişikliyə və ya əlavəyə razılıq verilməsini məqsədəuyğun hesab etsin.
Maddə 42. Şifahi dinləmələr və yazılı icraat
42.1. Tərəflərin razılaşmasına xələl gətirmədən arbitraj məhkəməsi sübutların təqdim edilməsi üçün şifahi dinləmələrin və ya digər şifahi müzakirələrin keçirilməsi, yaxud icraatın yalnız sənədlər və digər materiallar əsasında aparılması haqqında qərar qəbul edir. Tərəflər şifahi dinləmələrin keçirilməməsi haqqında razılığa gəlməmişlərsə, tərəflərdən hər hansı biri müraciət etdikdə arbitraj məhkəməsi icraatın müvafiq mərhələsində şifahi dinləmələr keçirməlidir.
42.2. Arbitraj məhkəməsi malların, digər əmlakın və ya sənədlərin yerində müayinəsi barədə və ya istənilən şifahi dinləmə və ya iclas haqqında tərəflərə əvvəlcədən bildiriş göndərməlidir.
42.3. Tərəflərdən birinin arbitraj məhkəməsinə təqdim etdiyi ərizələr, sənədlər və ya digər məlumatlar digər tərəfə də verilməlidir. Arbitraj məhkəməsinin öz qərarını çıxararkən əsaslana biləcəyi bütün ekspert rəyləri və ya sübut xarakterli başqa sənədlər də tərəflərə təqdim edilməlidir.
Maddə 43. Arbitraj dinləməsinin protokolu
43.1. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj dinləməsində protokol tərtib edilir.
43.2. Protokol arbitraj dinləməsinin və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.
43.3. Arbitraj dinləməsinin protokolunda aşağıdakılar göstərilir:
43.3.1. arbitraj dinləməsinin tarixi və yeri;
43.3.2. arbitraj dinləməsinin başlama və bitmə vaxtı;
43.3.3. işə ad hok qaydada baxılması və ya mübahisənin daimi arbitraj təşkilatı tərəfindən idarə edilməsi barədə qeyd, işə baxan arbitrlərin adları və arbitraj dinləməsinin katibi barədə məlumat;
43.3.4. işin adı;
43.3.5. arbitraj dinləməsində iştirak edən şəxslər haqqında məlumatlar;
43.3.6. arbitraj məhkəməsi tərəfindən arbitraj dinləməsində çıxarılmış qərarlar;
43.3.7. arbitraj dinləməsində iştirak edən şəxslərin ifadələri, etirazları, vəsatətləri və izahatları;
43.3.8. sənədlərin, maddi sübutların yoxlanılması, səs yazılarının dinlənilməsi, videoyazıların baxılması haqqında məlumatlar;
43.3.9. qərarların elan edilməsi, onların məzmununun izahı, yol verildiyi hallarda onlardan şikayət verilməsi qaydası və müddətinin izahı haqqında məlumatlar;
43.3.10. tərəflərə protokolla tanış olmaq və ona münasibət bildirmək hüququnun izah edilməsi haqqında məlumat;
43.3.11. protokolun tərtib edildiyi tarix.
43.4. Tərəflər arasında digər razılıq yoxdursa, protokol arbitraj dinləməsinin katibi tərəfindən tərtib edilir.
43.5. Protokol sədrlik edən arbitr və katib tərəfindən imzalanır. Protokolda edilmiş bütün dəyişikliklər protokola yazılı əlavədə göstərilməli və sədrlik edən arbitr və katibin imzası ilə təsdiq edilməlidir.
Maddə 44. Sənədlərin təqdim edilməməsi və ya tərəflərin gəlməməsi
44.1. Tərəflər arasında digər razılıq yoxdursa, üzrlü səbəblər olmadan sənədlərin təqdim edilmədiyi və ya tərəflərin gəlmədiyi hallarda aşağıdakı qaydalar tətbiq edilir:
44.1.1. iddiaçı bu Qanunun 41.1-ci maddəsinə uyğun olaraq öz iddia ərizəsini təqdim etmədikdə, arbitraj məhkəməsi icraata xitam verir;
44.1.2. cavabdeh bu Qanunun 41.1-ci maddəsinə uyğun olaraq iddiaya etirazını təqdim etmədikdə, arbitraj məhkəməsi bu halı iddiaçının tələblərinin təsdiqi kimi qəbul etmir və arbitraj icraatını davam etdirir;
44.1.3. hər hansı tərəf dinləməyə gəlmədikdə və ya yazılı sübutlar təqdim etmədikdə, arbitraj məhkəməsi icraatı davam etdirə və ona təqdim edilmiş sübutlar əsasında müvafiq qərar çıxara bilər.
Maddə 45. Arbitraj məhkəməsi tərəfindən ekspertin təyin edilməsi
45.1. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj məhkəməsi ekspertin təyin edilməsi ilə bağlı aşağıdakıları həyata keçirə bilər:
45.1.1. arbitraj məhkəməsi tərəfindən müəyyən edilən konkret məsələlərə dair rəy verilməsi məqsədilə 1 (bir) və ya bir neçə ekspert təyin edə bilər;
45.1.2. tərəflərdən iş üzrə hər hansı məlumatın və ya işə aid olan sənədlərin, malların və digər əmlakın ekspertə təqdim edilməsi və ekspert tərəfindən tədqiqi üçün şərait yaradılmasını tələb edə bilər.
45.2. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən birinin müraciəti əsasında və ya arbitraj məhkəməsinin zəruri hesab etdiyi halda ekspert yazılı və ya şifahi rəyini təqdim etdikdən sonra dinləmədə iştirak etməlidir. Bu halda tərəflərə ona suallar vermək və mübahisəli məsələlər üzrə ifadə vermək məqsədilə öz şahidlərinin iştirakını təmin etmək imkanı verilir.
Maddə 46. Sübutların təmin edilməsi
Arbitraj məhkəməsi və ya arbitraj məhkəməsinin razılığı ilə tərəflər sübutların təmin edilməsi barədə bu Qanunun 10.1-ci maddəsində göstərilmiş məhkəmələrə müraciət edə bilər. Məhkəmə sübutların təmin edilməsi üzrə mövcud qaydalara uyğun olaraq öz səlahiyyətləri daxilində bu müraciətə baxır və qərar qəbul edir.
Maddə 47. Arbitraj xərcləri və təminat
47.1. Arbitraj sazişində ayrı qayda nəzərdə tutulmamışdırsa və ya tərəflər arasında digər razılıq yoxdursa, arbitraj xərclərinin bölüşdürülməsi aşağıdakı qaydada həyata keçirilir:
47.1.1. arbitraj məhkəməsi arbitraj haqlarını və digər arbitraj xərclərinin həlli qaydasını müəyyənləşdirə və arbitraj məhkəməsinin xərclərini tərəflər arasında bölüşdürə bilər;
47.1.2. arbitraj məhkəməsi tərəflərin birindən qarşı tərəfin çəkdiyi bütün xərclərin və ya onların bir hissəsinin ödənilməsini tələb edə bilər;
47.1.3. arbitraj məhkəməsi tərəflərdən arbitraj haqları və digər arbitraj xərcləri üçün təminatın verilməsini tələb edə, belə təminat verilmədikdə arbitraj icraatına xitam verə bilər.
47.2. Bir tərəf tələb olunan təminatı verə bilmədikdə, qarşı tərəf bu təminatı tam həcmdə verə bilər.
47.3. Arbitraj məhkəməsinin özünün səlahiyyətli olmaması barədə qərar qəbul etməsi onun artıq çəkilmiş arbitraj xərclərinin bölüşdürülməsi barədə arbitraj qərarı qəbul etməsi səlahiyyətlərinə xələl gətirmir.
6-cı fəsil
ARBİTRAJ QƏRARININ ÇIXARILMASI VƏ İCRAATIN XİTAMI, ARBİTRAJ QƏRARINDAN ŞİKAYƏT VERİLMƏSİ
Maddə 48. Mübahisənin mahiyyəti üzrə tətbiq edilən normalar
48.1. Arbitraj məhkəməsi mübahisəni tərəflərin seçdiyi və mübahisənin mahiyyəti üzrə tətbiq edilən hüquq normalarına uyğun olaraq həll edir. Tərəflərin razılaşmasında başqa cür ifadə edilməmişdirsə, hər hansı bir dövlətin hüququnun və ya hüquq sisteminin seçilməsi bu dövlətin kollizion normalarına deyil, bilavasitə maddi hüquq normalarına istinad edilməsi kimi şərh olunur.
48.2. Tərəflər mübahisənin mahiyyətinə tətbiq edilən hüququ müəyyən etmədikdə arbitraj məhkəməsi mübahisənin mahiyyətinə tətbiqini uyğun hesab etdiyi kollizion normalar əsasında müəyyən edilən hüququ tətbiq edir.
48.3. Arbitraj məhkəməsi “ex aequo et bono” (bərabərliyə və ədalətə görə) və ya “amiable compositeur” (dost arbitr) qismində qərarını yalnız tərəflərin ona belə səlahiyyət verdiyi halda qəbul edir. Bu halda arbitraj məhkəməsi mübahisəni ədalətli hesab etdiyi prinsiplər əsasında, hər hansı hüquqa istinad etmədən həll edir.
48.4. Arbitraj məhkəməsi bütün hallarda müqavilənin şərtlərinə uyğun olaraq və həmin hüquq münasibətinə tətbiq edilən işgüzar adətləri nəzərə almaqla qərar qəbul edir.
48.5. Bu Qanunun 48.1-ci və 48.2-ci maddələrinə mübahisənin mahiyyətinə xarici dövlətin hüququnun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilir.
Qeyd. Bu maddədə “kollizion normalar” dedikdə hüquq münasibətinin tənzimlənməsi üçün hansı hüququn tətbiq edilməsini müəyyən edən normalar, “maddi hüquq normaları” dedikdə hüquq münasibətinin iştirakçıları üçün bilavasitə davranış qaydasını müəyyən edən normalar nəzərdə tutulur.
Maddə 49. Arbitrlər kollegiyası tərəfindən qərar çıxarılması
49.1. Tərəflər arasında digər razılıq yoxdursa, arbitraj icraatında birdən çox arbitr olduqda arbitraj məhkəməsinin istənilən qərarı arbitraj məhkəməsi üzvlərinin sadə səs çoxluğu ilə çıxarılır. Arbitr səsvermədə bitərəf qala bilməz.
49.2. Tərəflər və ya arbitraj məhkəməsinin bütün üzvləri tərəfindən səlahiyyət verildikdə sədrlik edən arbitr prosedur məsələlərini təkbaşına həll edə bilər.
Maddə 50. Barışıq sazişi
50.1. Arbitraj icraatının gedişində tərəflər mübahisəni barışıq sazişi ilə həll etdikdə, arbitraj məhkəməsi icraata xitam verir və tərəflərin müraciəti ilə, özünün də etirazı olmadıqda razılaşdırılmış şərtlər əsasında arbitraj qərarı çıxarır.
50.2. Razılaşdırılmış şərtlərlə arbitraj qərarı bu Qanunun 51-ci maddəsinin müddəalarına uyğun olaraq çıxarılır və onun arbitraj qərarı olduğu göstərilir. Belə arbitraj qərarı mübahisənin mahiyyəti üzrə çıxarılan istənilən digər arbitraj qərarı ilə eyni hüquqi qüvvəyə malikdir.
Maddə 51. Arbitraj qərarının forma və məzmunu
51.1. Arbitraj qərarı yazılı formada çıxarılır, arbitr və ya arbitrlər tərəfindən imzalanır. Arbitraj icraatının birdən çox arbitr tərəfindən aparıldığı hallarda arbitraj qərarı, hər hansı bir imzanın olmamasının səbəbi qərarda göstərilməklə, arbitraj məhkəməsi üzvlərinin əksəriyyəti tərəfindən imzalanmalıdır. Arbitr arbitraj qərarını imzalamaqdan imtina etdikdə və ya xüsusi rəyi olduqda bu barədə arbitraj qərarında qeyd aparılır və xüsusi rəy arbitraj materiallarına əlavə edilir.
51.2. Arbitraj qərarının əsaslandırılma hissəsi olmadan qəbul edilməsi haqqında tərəflərin razılığa gəldiyi və ya bu Qanunun 50-ci maddəsinə uyğun olaraq razılaşdırılmış şərtlərlə arbitraj qərarının qəbul edildiyi hallar istisna olmaqla, arbitraj qərarında onun əsaslandırılması göstərilir.
51.3. Arbitraj qərarında onun tarixi və bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş arbitrajın yeri göstərilir. Arbitraj qərarı həmin yerdə çıxarılmış hesab edilir.
51.4. Arbitraj qərarı çıxarıldıqdan sonra qərarın bu Qanunun 51.1-ci maddəsinə uyğun olaraq imzalanmış nüsxələri tərəflərə təqdim edilir.
51.5. Arbitraj sazişində və ya bu Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, arbitraj qərarı çıxarıldığı gündən məcburi hüquqi qüvvəyə minir.
51.6. Arbitraj məhkəməsi mübahisə ilə bağlı bir və ya bir neçə arbitraj qərarı çıxara bilər.
Maddə 52. İcraata xitam verilməsi
52.1. Arbitraj icraatına arbitraj məhkəməsinin yekun qərarı və ya bu Qanunun 52.2-ci maddəsinə uyğun olaraq çıxarılmış qərarla xitam verilir.
52.2. Arbitraj məhkəməsi aşağıdakı hallarda arbitraj icraatına xitam verilməsi haqqında qərar çıxarır:
52.2.1. iddiaçı öz tələbindən imtina etdikdə, bir şərtlə ki, cavabdeh arbitraj icraatına xitam verilməsinə etiraz etməsin və arbitraj məhkəməsi mübahisə üzrə yekun qərarın qəbul edilməsində cavabdehin qanuni mənafeyini tanımasın;
52.2.2. tərəflər arbitraj icraatına xitam verilməsi haqqında razılığa gəldikdə;
52.2.3. arbitraj məhkəməsi arbitraj icraatının davam etdirilməsinin hər hansı səbəbdən mümkünsüz və ya lazımsız olduğunu hesab etdikdə;
52.2.4. bu Qanunun 44.1.1-ci və ya 47.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda.
52.3. Bu Qanunun 53-cü və 54.4-cü maddələrində göstərilən tədbirlərin həyata keçirilməsi imkanı saxlanılmaqla, icraata xitam verilməsi ilə eyni vaxtda arbitraj məhkəməsinin səlahiyyətinə (mandatına) də xitam verilir.
Maddə 53. Qərarın təfsiri, qərarda düzəlişlər edilməsi, əlavə qərar çıxarılması
53.1. Tərəflər arasında müddətlər barəsində digər razılıq yoxdursa, tərəflərdən biri qərarın alındığı gündən 30 (otuz) gün müddətində qərarı çıxarmış arbitraj məhkəməsinə aşağıdakılar barədə ərizə ilə müraciət edə bilər:
53.1.1. tərəflərdən birinin digər tərəfi xəbərdar etmək şərtilə qərarda yol verilmiş yazı, hesab və ya çap səhvlərinin və ya digər bu cür qüsurların aradan qaldırılması;
53.1.2. tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən birinin digər tərəfi xəbərdar etmək şərtilə arbitraj qərarının və ya onun hər hansı bir hissəsinin təfsir edilməsi.
53.2. Arbitraj məhkəməsi müraciəti əsaslı hesab etdikdə, onu aldığı gündən 30 (otuz) gün müddətində arbitraj qərarına müvafiq düzəliş etməli və ya arbitraj qərarının təfsirini təmin etməlidir. Bu cür təfsir arbitraj qərarının tərkib hissəsi hesab edilir.
53.3. Arbitraj məhkəməsi qərarın çıxarıldığı gündən 30 (otuz) gün müddətində öz təşəbbüsü ilə bu Qanunun 53.1.1-ci maddəsində qeyd olunan hər hansı qüsuru aradan qaldıra bilər.
53.4. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən biri arbitraj qərarını aldığı gündən 30 (otuz) gün müddətində digər tərəfi xəbərdar etməklə arbitraj icraatının gedişində qaldırılmış, lakin arbitraj qərarında öz əksini tapmamış tələblər barədə əlavə qərar çıxarılması barədə arbitraj məhkəməsinə müraciət edə bilər. Arbitraj məhkəməsi müraciəti əsaslı hesab etdikdə 60 (altmış) gün müddətində əlavə qərar çıxarmalıdır.
53.5. Arbitraj məhkəməsi zəruri hesab etdiyi hallarda bu Qanunun 53.2-ci və 53.4-cü maddələrinə uyğun olaraq qərarda düzəlişlər edilməsi, onun təfsir edilməsi və ya əlavə qərar çıxarılması müddətini artıra bilər.
53.6. Arbitraj qərarında düzəliş edilməsi, onun təfsir edilməsi və ya əlavə qərar çıxarılmasına münasibətdə bu Qanunun 51-ci maddəsinin müddəaları tətbiq edilir.
Maddə 54. Arbitraj qərarının ləğvi haqqında ərizə verilməsi
54.1. Yerli arbitraj məhkəməsinin qərarından məhkəməyə yalnız bu Qanunun 54.2-ci və 54.3-cü maddələrinə uyğun olaraq həmin qərarın ləğv edilməsi haqqında ərizə verilməsi yolu ilə şikayət verilə bilər.
54.2. Arbitraj qərarı bu Qanunun 10.1-ci maddəsində göstərilmiş məhkəmə tərəfindən aşağıdakı hallarda tam və ya qismən ləğv edilə bilər:
54.2.1. ərizəni verən tərəf aşağıdakı sübutları təqdim etdikdə:
54.2.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə bu barədə göstəriş olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsız olması barədə;
54.2.1.2. ərizəni verən tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
54.2.1.3. qərarın arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması, yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişini və ya iddia tələbini əhatə edən məsələlər üzrə qərarlar həmin sazişin və ya iddia tələbinin əhatə etmədiyi məsələlər üzrə qərarlardan ayrıla bilərsə, yalnız arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarları ehtiva edən hissələr ləğv edilə bilər);
54.2.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda bu Qanuna uyğun olmaması barədə;
54.2.2. məhkəmə aşağıdakıları müəyyən etdikdə:
54.2.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini;
54.2.2.2. arbitraj qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu.
54.3. Tərəflər arasında digər razılıq yoxdursa, qərarın ləğv edilməsi haqqında ərizə həmin ərizəni verən tərəfin arbitraj qərarını aldığı gündən, bu Qanunun 53-cü maddəsinə uyğun olaraq ərizə verildiyi hallarda isə arbitraj məhkəməsi tərəfindən həmin ərizə ilə bağlı qərar çıxarıldığı gündən 3 (üç) aydan gec verilə bilməz. Bu müddətlər arbitraj qərarının saxtakarlıq və korrupsiya hallarında, habelə əsassız arbitraj qərarının çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadə verdiyi, ekspertin bilə-bilə yalan rəy verdiyi, sənədlərin və ya maddi sübutların və ya sübut xarakterli başqa sənədlərin saxtalaşdırıldığı, arbitraj qərarının tərəflərin, işdə iştirak edən digər şəxslərin və ya arbitrlərin cinayət əməlləri nəticəsində çıxarıldığı hallara şamil edilmir.
54.4. Arbitraj qərarının ləğv edilməsi haqqında müraciət olunduğu halda məhkəmə məqsədəuyğun hesab etdiyi hallarda və tərəflərdən birinin müraciəti əsasında arbitraj məhkəməsinə arbitraj icraatını yenidən başlamaq və ya arbitraj məhkəməsinin mövqeyinə əsasən, arbitraj qərarının ləğv edilməsinə əsas olan halları aradan qaldıracaq digər hərəkətləri etmək imkanı vermək üçün arbitraj qərarının ləğv edilməsi üzrə icraatı özünün müəyyən etdiyi ağlabatan müddətə dayandıra bilər.
54.5. Arbitraj qərarı ləğv edildikdə, tərəflər arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmamışdırsa və arbitraj sazişinin etibarsızlığı arbitraj qərarını ləğv edən qətnamə ilə müəyyən edilməmişdirsə, arbitraj sazişi qüvvədə qalır. Bu halda tərəflər müvafiq mübahisənin həll olunması üçün yenidən arbitraj məhkəməsinə müraciət edə bilərlər.
54.6. Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.
7-ci fəsil
ARBİTRAJ QƏRARLARININ TANINMASI VƏ İCRA EDİLMƏSİ
Maddə 55. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icra edilməsi
55.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, xarici arbitraj məhkəməsinin qərarı məcburi hüquqi qüvvəyə malikdir və səlahiyyətli məhkəməyə yazılı ərizə verildikdə bu Qanunun 55-ci və 56-cı maddələrinin müddəaları nəzərə alınmaqla icra edilir.
55.2. Arbitraj qərarına əsaslanan və ya onun icra edilməsinə dair ərizə verən tərəf arbitraj qərarını və ya onun notariat qaydasında təsdiq edilmiş surətini və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsini, həmçinin arbitraj sazişinin əslini və ya onun notariat qaydasında təsdiq edilmiş surətini, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənədi təqdim etməlidir. Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.
Maddə 56. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslar
56.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:
56.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə:
56.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə;
56.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
56.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər);
56.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə;
56.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə;
56.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə:
56.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini;
56.1.2.2. arbitraj qərarının tanınmasının və icrasısının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu.
56.2. Bu Qanunun 56.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın verilməsini tələb edə bilər.
56.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.
Maddə 57. Yerli arbitraj məhkəmələrinin qərarlarının icrası qaydası
57.1. Yerli arbitraj məhkəməsinin qərarı həmin qərarla müəyyən edilmiş qaydada və müddətdə icra edilir. Arbitraj qərarında müddət müəyyən edilmədiyi təqdirdə qərar dərhal icra edilir.
57.2. Yerli arbitraj məhkəməsinin qərarı arbitraj qərarında müəyyən edilmiş müddət ərzində və ya belə müddət müəyyən edilmədikdə, arbitraj qərarının çıxarıldığı gündən 3 (üç) ay ərzində könüllü icra edilmədikdə, qərar bu Qanunun 51.5-ci və 54-cü maddələrinə uyğun olaraq tərəflər üçün məcburi hüquqi qüvvəyə minmiş və məhkəmə tərəfindən ləğv edilməmişdirsə, xeyrinə qərar çıxarılmış tərəf arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.
57.3. Məhkəmə yalnız bu Qanunun 54.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə arbitraj məhkəməsinin qərarının məcburi icrasından imtina edə bilər. Yerli arbitraj məhkəməsinin qərarının bu Qanunun 54-cü maddəsinin müddəalarına uyğun olaraq ləğv edilməsi barədə məhkəməyə müraciət edilmişdirsə, bu arbitraj qərarının ləğvi üçün irəli sürülmüş əsaslar arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə müraciət edilən məhkəmə tərəfindən yenidən nəzərdən keçirilə bilməz.
8-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 58. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 59. Keçid müddəalar
59.1. Bu Qanun qüvvəyə mindiyi gündən “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 6; 2005, № 6, maddə 475; 2007, № 7, maddə 712) ləğv edilir.
59.2. Bu Qanun məhkəmələr tərəfindən arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası, habelə məhkəmə icraatı çərçivəsində arbitraj icraatı ilə bağlı məsələlərin tənzimlənməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər nəzərdə tutan qanunla eyni gündə qüvvəyə minir.
59.3. Bu Qanun, onun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası üzrə işlərə tətbiq edilmir.
Həmçinin, dövlət başçısı “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman da imzalayıb.