“Kanalizasiya daşır, çirkab suları küçələrə yayılır” - Rəsmi açıqlama
06-okt, 15:54 6 Cəmiyyət
“Burada insanlar məcburən kanalizasiya sularının, məişət tullantılarının və digər çirkabların üzərindən keçərək hərəkət edirlər”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Masazır sakini müraciət edib.
Vətəndaşlar bildirir ki, Masazır qəsəbəsində, xüsusilə yağışlı havalarda kanalizasiya sistemində ciddi problemlər yaranır: “Demək olar ki, bir çox küçədə kanalizasiya suları daşır, çirkab suları küçələrə yayılır və ətrafda kəskin, dözülməz qoxu yaranır. Kanalizasiya sularının küçələrə yayılması ciddi sanitariya problemi yaradır və əhalinin, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə törədir. Sözügedən ərazidə məktəb yerləşir və bu küçə məktəbə gedən əsas yollardan biridir. Hər gün uşaqlar və valideynlər bu ərazidən istifadə edirlər”.
Müraciətdə, həmçinin qeyd edilib ki, bu problem yalnız yağışlı havalarda müşahidə olunmur: “Masazırın müxtəlif küçələrində ilin bütün fəsillərində kanalizasiya və su xətlərindən suyun yer səthinə çıxması hallarına rast gəlinir. Bəzi yerlərdə asfalt örtüyü yenicə salınmasına baxmayaraq, kanalizasiya sistemindəki problemlər səbəbindən yol qısa müddət ərzində qazılır, dağılır və yararsız vəziyyətə düşür.
Məsələn, Məhəmməd Füzuli küçəsində yolun yenilənməsinə baxmayaraq, kanalizasiya ilə bağlı problemlər səbəbindən yol örtüyü artıq zədələnib. Bu nasazlıqlar nəticəsində sakinlər dəfələrlə yolları qazmaq və müdaxilə etmək məcburiyyətində qalırlar”.
Vətəndaşların sözlərinə görə, sözügedən küçədə iki şəhidimizin adına abidə də var: “Ən azından şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq həmin küçənin təmiz, abad və insanların təhlükəsiz hərəkət edə biləcəyi vəziyyətdə olması təmin edilməlidir. Bu problemin hər dəfə müvəqqəti şəkildə aradan qaldırılması yox, kökündən həll olunması vacibdir”.
Məsələ ilə bağlı Regional Su Meliorasiya QSC-yə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahid və Füzuli küçələrində son günlərdə yağan güclü yağışlar nəticəsində kanalizasiya xətlərində tutulmalar yaranıb: “Bununla əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək mövcud vəziyyət araşdırılıb. Aparılan operativ tədbirlər nəticəsində kanalizasiya xəttində yaranmış tutulma aradan qaldırılıb və ərazidə müşahidə olunan problem tam şəkildə həll edilib. Hazırda qeyd olunan ərazilərdə kanalizasiya sisteminin fəaliyyətində hər hansı problem müşahidə olunmur. Görülmüş işləri əks etdirən videogörüntüləri də təqdim edirik”.
Fidan Etibar





