Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar



Artıq müstəqillik tariximizin parlaq səhifəsi olan Zəfər Gününün birinci ildönümü ərəfəsindəyik. Bir ildir Prezident İlham Əliyev qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlara səfərlər edir, erməni vandallarının yerlə-yeksan etdikləri Qarabağın və Şərqi Zəngəzurun bərpası və quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirir, Fərman və sərəncamlar imzalayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin say tərkibinə diqqət yetirdikdə aydın görünür ki, bu əraziləri cənnətməkana çevirmək ölkə Prezidentinin siyasətində prioritet istiqamətdir. Həyatımızda ən xoşbəxt anlardan biri məhz son bir ildə torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin qeyd olunması və həmin günlərdə dövlət başçısı İlham Əliyevin bu ərazilərə səfərləridir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzulinin işğaldan azad olunduğu tarixdə bu rayona səfəri, ictimaiyyət nümayəndələri ilə görüşləri mühüm tarixi anlarla yadda qaldı. Səfər çərçivəsində bir sıra sosial obyektlərin təməlqoyma mərasimləri keçirilmiş, Füzuli şəhərinin baş planı təqdim olunmuşdur. Həmçinin, dövlət başçısının «ağıllı kənd» strategiyasına uyğun olaraq Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edilmiş və təməli qoyulmuşdur. Xüsusilə təqdirəlayiq haldır ki, “ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaqdır.

Azad edilmiş ərazilərimizdə əsasən yol infrastrukturu yenilənir. Bu istiqamətdə ilk işlər məhz Füzulidən başlayıb. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli məhz bu ilin yanvarında qoyulmuşdur. Artıq aeroport beynəlxalq statusa malikdir. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq zamanı bir daha bildirilmişdir ki, aeroportda görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanının Qarabağın hava qapısı kimi dəyərləndirilməsi onun strateji və iqtisadi əhəmiyyətini qat-qat artırır.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqinin Azərbaycanın yeniləşməyə, modernləşməyə daim üstünlük verən ölkə olmasının göstəricisidir. Dövlət başçısı İlham Əliyevin Füzuliyə səfəri zamanı Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması da bunun bariz nümunəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.

İşqaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı layihələr və atılan addımlar bir daha onu təsdiq edir ki, keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması əsas hədəfdir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları qarşıya qoyulan hədəflərə vaxtında və yüksək səviyyədə nail olmağa stimul verir. Bütün planlarımız həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, “bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik.”

Faiq Çobanov,

Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru