Məftun Abbasov: “Metro 20 Yanvar gecəsi təcili yardım rolu oynadı”

“Metro həmin gün təcili yardım rolu oynadı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında metropoliten işçisi, şahid Məftun Abbasov 20 Yanvar ilə bağlı xatirələrindən danışarkən deyib.
Hadisə şahidi qeyd edib ki, metro fəaliyyətini dayandırsaydı, qat-qat çox itki olardı:
“Həmin illər tələbə idim. Çalışırdım da. Növbətçi idim. Həmin gecə xəbər gəldi ki, vəziyyət gərgindir.  Minik və təcili yardım maşınlarını vurmuşdular. Sonra biz olduğumuz istiqamətə işıqlı güllələrlə atəş açdılar. Tanklar maşınları itələyə-itələyə hərəkət edirdilər.
Metro səhərə qədər işlədi. İnsanlara mənəvi dəstək olduq, yönləndirdik. Metro işləməsəydi, faciənin miqyası qat-qat böyük olardı. Metro itkilərin qarşısını müəyyən qədər aldı, bir növ təcili yardım rolunu oynadı. 20 Yanvar şəhidlərinin sayəsində bu gün ayaqdayıq. Hər birinin əziz xatirəsi qarşısında baş əyirik”.