Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş

Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir.

“Qafqazinfo”nun məlumatına görə, şəhidimiz sanitar-təlimatçı olub.

O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb.

Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə tutub. Nəticədə kiçik çavuş Natiq Əliyev şəhid olub.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə Konvensiyasına əsasən sanitar nəqliyyat vasitəsi konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.

Roma Statusunda qeyd edilir ki, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.

Buna baxmayaraq, düşmən Vətən müharibəsində olduğu kimi, son döyüşlərdə də beynəlxalq hüququn normalarını ayaqlar altına atıb.

Qeyd edək ki, döyüş meydanında uduzduqca quduzlaşan erməni tərəfi Vətən müharibəsi zamanı hətta mülki təcili tibbi yardım maşınlarına da atəş açmaqdan çəkinmirdi. Belə oxşar hadisələrdən biri də ötən ilin oktyabrın 6-da Ağdamın “Dörd yol” adlanan ərazisində baş vermişdi. Həmin vaxt yaralı hərbçimizi daşıyan ambulans düşmənin ağır artilleriyadan atəş açdığı mərminin hədəfi olmuşdu.



Onu da xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı  ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub.