ADY “Yüksəliş” müsabiqəsində uğurla təmsil olunur

Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının marağı getdikcə artır.
“Qafqazinfo”nun məlumatına görə, son 4 ildə “Yüksəliş” müsabiqəsində ümumilikdə ADY-nin 32 əməkdaşı iştirak edib. Onlardan 18 nəfər yarımfinala, 10 nəfər finala vəsiqə qazanıb. Müsabiqənin yarımfinal və final mərhələsində iştirak edən əməkdaşların karyera inkişafına dəstək göstərilib və vəzifələri artırılıb.
Bu il isə ADY-nin iki əməkdaşı – strateji inkişaf departamentinin direktoru Anar Qasımov və “ADY Express” MMC-nin baş maliyyə inzibatçısı Kamal Hüseynli finala çıxaraq müsabiqənin qalibi olub, üç əməkdaşı-maliyyə departamentinin müdiri Murad Ağaməmmədov, infrastruktur departamentinin rəis müavini Samir Həziyev və strateji inkişaf departamentinin mütəxəssisi Ayxan Məmmədli “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlib.
Ümumilikdə, “Yüksəliş” müsabiqəsinin keçirildiyi dörd il ərzində qalib gələn ADY əməkdaşlarının sayı 6-ya çatıb.
“Yüksəliş”in qalibi, qurumun strateji inkişaf departamentinin direktoru Anar Qasımov müsabiqə ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, hazırda ölkənin dövlət sektorunda böyük əhəmiyyətə malik transformasiya prosesləri gedir: “Bu proseslər dünyada qabaqcıl hesab olunan müasir idarəetmə metodları, innovasiyalar və yaradıcı insan amilinin rolu haqqında yeni baxışa keçidi dəstəkləyir. “Yüksəliş” müsabiqəsi müasir idarəetmə metodlarını tətbiq etmək və yeni yanaşmalara nə dərəcədə uyğun gəlməyimizi sınamaq üçün möhtəşəm bir platformadı. Gənc mütəxəssislər üçün yaradılmış bu imkanlara görə ölkə başçısı İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.
Müsabiqənin qalibi olmuş ADY-nin digər əməkdaşı Kamal Hüseynli isə bildirib ki, 2022-ci ildə “Yüksəliş”in final mərhələsinə adlasa da qalib adını 4-cü müsabiqədə qazana bilib: “Bu müsabiqədə hər bir iştirakçı üçün əzmkarlıq, səbr və stresə dayanıqlıq əsas göstəricilərdəndir. Müsabiqəyə qatılmaqda əsas məqsədim qalib olmaq və ölkənin dövlət və ya özəl sektorunun inkişafına önəmli töhfələr verən rəhbər şəxslərin mentorluğu ilə idarəçilik sahəsində zəngin təcrübə qazanmaqdır”.
Qeyd edək ki, ADY əməkdaşlarının inkişafını, yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakını təmin etmək üçün “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Flaqman” kimi proqramlar həyata keçirir. Bu proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına töhfə verir. Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.
Bundan başqa, ADY-də günümüzün tələblərindən olan, müasir, rəqəmsal öyrənmə platformasının – LMS (Learning Management System) qurulması layihəsinə başlanılıb. Platformada geniş və daim yenilənən onlayn təlim və tədris materialları regionlarda çalışan əməkdaşlar üçün də əlçatan olacaq. Eyni zamanda regiondakı əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində “Səyyar təlim vaqonu” layihəsinin icrası da planlaşdırılır.
ADY işçilər arasında məmnuniyyəti araşdırmaq üçün sorğular keçirir, təlim ehtiyaclarını müəyyən edilir. Belə ki, 2024-cü il üzrə dəmiryol ixtisası üzrə 78 adda texniki təlim ehtiyacı müəyyən edilib, onun 38-i artıq icra olunub. Təlimlərin 22-si xarici, 16-sı isə daxili resurslar hesabına təşkil olunub. Təlimlərdə ümumilikdə 749 əməkdaş iştirak edib.
Texniki təlimlərlə yanaşı, korporativ təlimlərin icrası da davam edir. 2024-cü ilin 6 ayı üzrə olan statistikaya əsasən, 2575 dinləyicinin iştirak etdiyi 145 adda təlimin 23-ü daxili, 122-si isə xarici resurslar hesabına təşkil edilib.
Qeyd edək ki, ADY-də işçilərin təlim ehtiyaclarının davamlı olaraq qarşılanması, biliyin idarə olunması, səriştəlik və təcrübə mübadilələrinin səmərəli təşkili məqsədilə Təlim və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz ADY-nın uzun müddətli kadr ehtiyyatının hazırlanmasına xidmət göstərəcək, o cümlədən qabaqcıl təcrübələri öyrənmək və tətbiq etmək baxımından regionda əhəmiyyətli platformaya çevriləcək.
ADY gələcəkdə də əməkdaşlarının karyera yüksəlişinə xidmət edən proqram və təlimləri davam etdirəcək.