Görülən işlər Azərbaycanın gücünü və qüdrətini göstərir
24-noy, 11:11 175 CəmiyyətVətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.
Dünya 30 il ərzində işğal faktı qarşısında susdu. Bəzən hətta böyük məyusluqla işğalçını stimullaşdıran addımlara şahidlik etdik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində işlək vəziyyətə gətirilsə də, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul olunan qətnamələr məcburi icraya yönəldilmədi. Ermənistanın beynəlxalq hüququ heçə sayan addımlarına ya göz yumuldu, ya da hansısa formada buna bəraət qazandırıldı. Nəticədə, işğal faktına görə heç bir beynəlxalq təzyiq və sanksiyalarla üzləşməyən təcavüzkar daha da azğınlaşdı və “yeni torpaqlar üçün yeni müharibə” konsepsiyası ilə çıxış etməyə başladı. Belə olan halda Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməkdən başqa alternativi qalmadı və 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Zəfər yürüşümüz start götürdü. Azərbaycan dövləti BMT-nin illərdir masa üzərində qalan qətnamələrini özü icra edərək dünya miqyasında yeni presedent yaratdı.
Vətən müharibəsinin bitməsindən bir neçə ay keçməsinə baxmayaraq, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə misli görünməmiş yenidənqurma və bərpa işləri aparılır. Nəzərə alsaq ki, erməni terrorçuları məhz bu əraziləri, bütün infrastrukturu məhv etmiş, sosial və mədəni, dini abidələri, obyektləri tamamilə darmadağın etmiş, burada görülən işlər əlbəttə ki, çox nəhəngdir. Burada görülən işlər ilk növbədə Azərbaycanın gücünü və qüdrətini göstərir. Cənab Prezidentin bir neçə gün bundan əvvəl Kəlbəcər və Laçın rayonlarına səfəri baş tutdu. Bu səfər çərçivəsində çox gərgin bir məqamda cənab Prezidentin bu ərazilərə səfər etməsi bir daha Azərbaycanın mövqeyini ortaya qoymuş oldu. Çünki Ermənistan bütün sərhəd boyu son vaxtlar davamlı və intensiv olaraq təxribatlar törədir. Azərbaycan Silahlı Qüvvələrimizin yerləşdiyi ərazilərdə təxribatlar törətməyə davam edir. Belə bir gərgin vəziyyətdə cənab Prezidentin həmin bölgələrə səfər etməsi bir daha Ermənistana və onun himayədarlığına açıq mesaj idi. Kəlbəcərdə görülən nəhəng işlər buraya xüsusən elektrik enerjisi təchizatı, infrastrukturun həyata keçirilməsi, Kəlbəcər-Laçın avtomobil yolunun çəkilməsi və bu yol üzərində 10 km-ya yaxın tunelin tikilməsi bir daha Azərbaycanın gücünü, qüdrətini göstərir.
Abdulkərimova Samiyə, 12 saylı şəhər poliklinikasının baş həkimi