Almaniyanın konteyner yükləri Azərbaycandan keçərək Çinə daşına bilər
25-noy, 12:37 193 Cəmiyyət“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş keçirilib.
ADY xəbər verir ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.
Səhmdar cəmiyyətinin sədrinin I müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycanın dəmir yollarında layihələndirmə, təchizat, quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, ADY ilə “Hamburger Hafen Logistik”in 100% törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerləri “Metrans” şirkəti Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşıya bilər.
Ötən ilin fevral ayında Slovakiyada ADY-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.
Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsləndiriblər.
Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.