"Helikopterin normativlərinə zidd davranılmayıb, 24 nəfərlik olub" - Açıqlama
01-dek, 12:39 192 Cəmiyyət“Noyabrın 29-da baş verən Mi-17 helikopterinin qəzası ilə bağlı zəruri olan rəsmi açıqlamalar verilib. Bu səbəbi bəlli olmayan texniki qəzadır və hazırda təfərrüatlı araşdırılır”.
Bunu açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib.
Onun sözlərinə görə, bu bir texniki qəzadır və kənardan hər hansı müdaxilə olmayıb.
“Təbii ki, gözlənilməyən və istənilməyən bir qəzadır və nəticədə şəhidlərimiz var. Düşünürəm ki, tez bir zamanda gerçək səbəblər araşdırılıb ortaya qoyulacaq”, - ekspert qeyd edib.
O əlavə edib ki, Mi-17 helikopterinin texniki və sərnişindaşıma ilə bağlı bütün göstəriciləri açıqdır: “Həmin göstəricilərə əsasən helikopteri 2-3 nəfərlik ekipaj idarə edir və bundan əlavə 24 nəfərədək sərnişin daşımaq qabiliyyətinə malikdir. O baxımdan qəzaya uğrayan helikopterdə texniki göstəriclərin normativlərinə zidd davranılmayıb. Helikopterdə 18 nəfər olub”.
Beynəlxalq paraktikada belə qəzaların olduğunu qeyd edən ekspert bildirib ki, əgər biz beynəlxalq statistikaya istinad etsək, o zaman Azərbaycanı dünya ölkələri arasında ən az qəza baş verən ölkələr sırasında olduğunu görərik: “Hətta bizimlə qonşu dövlətlərdən Rusiyada, İranda və Türkiyədə belə hallara tez-tez rast gəlinir. Amma Azərbaycanda helikopter qəzası nadir hallarda baş veridiyindən sarsıdıcı oldu.
Ümumiyyətlə, təlimlərdən öncə helikopterlərə və hərbi texnikalara baxış keçirilir və buna dair təlimatlar var. Dövlət Sərhəd Xidmətində (DSX) isə buna daha ciddi riayət olunur. DSX rəhbəri də məsələ ilə bağlı lazımi açıqlamaları verib. Lakin buna baxmayaraq belə hadisələrin qarşısını almaq üçün səbəbini detallı öyrənmək lazımdır. Helikopterin “qara qutu”su hazırda müvafiq qurumlar tərəfindən araşdırılır və səbəblər mütləq bilinəcək”.
Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, bu gün Azərbaycanın Silahlı Qüvvələrində, xüsusən də DSX-da yararsız hərbi texnika yox səviyyəsindədir: “Mi-17 helikopteri də 1977-ci il modelidir, amma bu o demək deyil ki, həmin ilin istehsalıdır. Sonrakı illərdə də bu modellər istehsal olunub. Həmin helikopterlər texniki cəhətdən saz vəziyyətdə olub”.