Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA

Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA


Pandemiya dövründə bir sıra ölkələrdə tütün qiymətlərində artımlar müşahidə olundu. Bəzi ölkələrdə isə qiymət artımı hələ də davam edir.

İlin sonuna qədər Rusiyada siqaret qiymətlərində artım gözlənildiyi açıqlanıb. Siqaretin orta qiymətinin bir paket üçün 140-145 rubla qədər yüksələ biləcəyi söylənilir ki, ilin birinci yarısında bu qiymət 135,8 rubl təşkil edib.

Bəs Azərbaycanda siqaret qiymətlərində yenidən artım gözlənilirmi?

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bidirdi ki, ümumiyyətlə, tütün məhsullarının qiymətləri ölkələr üzrə kəskin fərqlənir. Qiymətlər dəyişikliyində həmin ölkələrin qiymət siyasətinə diqqət yetirmək lazımdır: “Ötən il Rusiyada tütün məhsulları üzrə aksiz vergisinin dərəcəsi artırılıb, bu ilin oktyabrında Yaponiyada oxşar vergi artımı həyata keçiriləcək. ABŞ-da demokratlar hakimiyyətə gəldikdən sonra böyük stimul paketləri, büdcə xərcləri nəzərdə tutulur ki, bunun da bir mənbə kimi tütün məhsullarına vergilərin, aksizlərin qaldırılması hesabına təmin olunacağı gözlənilir. Tütün istehlakı insan sağlamlığına zərərli hesab olunduğu üçün dövlətlər əlavə gəlir əldə etmək məqsədilə ənənəvi olaraq aksizli məhsullar hesab olunan tütün məhsullarına əlavə vergilər qoyurlar. Həmçinin cəmiyyət də bunu çox narazılıqla qarşılamır. Bu baxımdan bir sıra inkişaf etmiş ölkələrdə bu məhsullara vergilər artırılıb və bu il də artırılması nəzərdə tutulur”.

Tütün məhsullarının dünya bazarında bahalaşmasına gəlincə, ekspert bildirdi ki, yalnız tütün məhsulları yox, ərzaq məhsulları, materiallar, xammal, kənd təsərrüfatı məhsulları bahalaşıb:

“Ötən ildən başlayaraq pandemiyanın yaratdığı dəyər zəncirində qırılmalardan irəli gələrək həm daşınma xərclərinin bahalaşması, həm istehsalın aşağı düşməsi nəticəsində yaranan defisit qiymətləri bahalaşdırıb”. 

X. Kərimli Azərbaycanda tütün məmulatları və siqaret qiymətlərində dəyişikliklərə də toxunub: “Ölkəmizdə hazırda ilin sonuna qədər tütün məhsullarına əlavə vergiqoyma gözlənilmir. Lakin ümumi şəkildə dünya bazarında siqaretin istehsal olunduğu tütün məhsullarının qiymətində bahalaşma qeydə alınır. Təqribən son ildə 10%-ə qədər bahalaşma var. Gözləmək olar ki, daxili bazarda tütün məhsulları və siqarət qiymətlərində artım olsun”.