İstanbul ətrafında ehtiyat şəhərlər yaradılacaq

İstanbulda Boğaz ətrafında çəkiləcək İstanbul gəmi kanalının hər iki tərəfində ehtiyat şəhərlər adlandırılan yaşayış məskənlərinin yaradılması planlaşdırılır.
Bu barədə çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalının efirində bildirib.
“İstanbul kanalı ilə birlikdə ehtiyat şəhərlər meydana çıxacaq, orada mənzil tikintisinə başlanacaq, şəhərdə şəhərsalma islahatına razı olanlar üçün orada yerlər təmin edəcəyik”, - Ərdoğan bildirib.
O, belə şəhərlərin yaradılması zərurətini hazırda 16 milyondan çox insanın yaşadığı metropolisin əhalisinin artması və İstanbul sakinlərinin zəlzələyə meyilli bölgələrdən, əsasən də sahilyanı ərazilərdən köçürülməsinin zəruriliyi ilə izah edib.
Ərdoğan bildirib ki, İstanbulda hazırda 220 mindən çox bina və 1,5 milyona yaxın yaşayış evi risk altındadır, onlardan 300 mini təcili sökülməlidir.