Trampın LGBT ilə bağlı planında nələr var?
13-noy, 11:09 7 DünyaDonald Trampın ABŞ-də prezident seçkilərində qələbəsi LGBT təşkilatında çaxnaşma yaradıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna isə onun seçki kampaniyası müddətində çıxışlarında, reklamlarında və yazılı platforma siyasətlərində transseksuallara qarşı ritorika nümayiş etdirməsi səbəb olub.
Bildirilir ki, Respublikaçılar Partiyası seçki dövründə cinsi azlıqlar əleyhinə reklamlara 215 milyon dollar xərcləyib.
Bundan əlavə, siyasətçi LGBT üzvlərini qəzəbləndirəcək yeni açıqlamalar da verib.
Daha öncə “Allah yalnız iki cins yaradıb: kişi və qadın” deyən Trampın prezidentliyi dövründə LGBT ilə bağlı planları da bəlli olub:
- Uşaqlara uyğun olmayan cinsi material və transseksuallığı öyrədən bütün məktəblərə maliyyə yardımı dayandırılacaq;
- Konqresdən ABŞ hökuməti tərəfindən tanınan yeganə cinslərin kişi və qadın olduğunu müəyyən edən qanun layihəsini qəbul etməsi tələb olunacaq;
- Uşaqlara “yanlış bədənə aid olduqlarını” təlqin edən səlahiyyətli şəxslərlə bağlı ciddi tədbirlər görüləcək;
- Hər bir federal agentliklə bağlı cinsin dəyişdirilməsini təşviq edən bütün proqramları dayandırmağa yönəlmiş Sərəncam imzalanacaq;
- Ana-atanın vəzifələri, ailə dəyərləri və kişi ilə qadın arasındakı fərqlər doğru təlimlərlə izah olunacaq;
- Bütün ştatlarda yetkinlik yaşına çatmayanlar üzərində cinsiyyət dəyişdirmə əməliyyatları qadağan olunacaq;
- Cinsiyyət dəyişikliyinin uzunmüddətli yan təsirlərini gizlədərək, bu sektor vasitəsilə zənginləşən böyük əczaçılıq şirkətləri və xəstəxana şəbəkələrinin mənfəəti araşdırılacaq.
Tramp ikinci müddətə qalib gəldiyinə görə LGBT+ icmasından olan amerikalılar onun yanvarda Ağ Evə qayıtmasından sonra aparacağı hansı siyasətin onların hüquqlarına daha çox təsir edəcəyi ilə maraqlanırlar.