DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ELNUR BAĞIROVUN VƏ MƏHƏMMƏD ABDULLAYEVİN ANIM GÜNLƏRİ QEYD OLUNUB

Dekabrın 6-da daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Bağırov Elnur Sahib oğlunun və əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin xatirəsi yad edilib, məzarlarına güllər düzülüb, dualar oxunub.
Anım mərasimində çıxış edən icra başçısı Əhəd Abıyev Şəhidlərin ailələrinə bir daha rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı verərək səbir diləyib. Əhəd Abıyev çıxışında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi qələbədən, Azərbaycan Ordusunun qüdrətindən, həmçinin Şəhidlərin həyat və döyüş yollarında söz açıb. Çıxışının sonunda isə Əhəd Abıyev vurğulayıb: “Bu gün Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Habelə  bu yaxınlarda dövlət hesabına rayonumuzun ayrı-ayrı şəhid ailələrinə 17 yeni mənzil verilmişdir və bunun növbəliliklə davamı olacaqdır. Bütün daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Şəhid Elnur Bağırovun anası Çiçək Bağırova da, şəhid Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva da hər zaman ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini